Dünyada yalnız bir dənədir - 24 saat qorunur - FOTO

Çili sahillərində yerləşən Robinson Kruzo adasında dünyada yalnız bir nümunəsi qalan "Dendroseris neriifolia" ağacının xilas edilməsi üçün beynəlxalq alimlər tərəfindən genişmiqyaslı əməliyyat həyata keçirilir. Milli.Az xarici mediaya istinadla xəbər verir ki, xarici mediaya istinadən verilən məlumata görə, Juan Fernandez adalarında yaşayan bu nadir növ hazırda nəsli kəsilmə təhlükəsi ilə üz-üzədir. Yaşayış mühitinin itirilməsi və invaziv növlərin təsiri nəticəsində 1980-ci illərdə sayı kəskin azalan bitkidən bu gün vəhşi təbiətdə yalnız bir ağac qalıb. Sonuncu nümunə dik qayalıqda yerləşdiyi üçün xüsusi iplərlə qayalara bərkidilib və 24 saat nəzarət altına alınıb. Hər il mart ayında mütəxəssislər təhlükəli şəraitdə ağacdan toxum toplayaraq Böyük Britaniyadakı Minilliyin Toxum Bankına göndərirlər. Məlumata görə, 2025-ci ildə toplanan təxminən 400 toxumdan laboratoriyada aparılan analiz nəticəsində 29 toxumun 25-i cücərmə potensialına malik olub və onlardan 8 yeni ting uğurla yetişdirilib. Bu tinglərdən bir hissəsi Edinburq Kral Botanika Bağına göndəriləcək, qalan toxumlar isə gələcək bərpa işləri üçün dondurularaq saxlanılacaq. Alimlər bildirirlər ki, növün xilas edilməsində əsas çətinlik aşağı genetik müxtəliflik və uzunmüddətli təcrid səbəbindən toxumların bir hissəsinin yaşama qabiliyyətini itirməsidir. Mütəxəssislərin sözlərinə görə, yaxın illər bu nadir ağacın taleyi üçün həlledici olacaq və laboratoriyada yetişdirilən tinglərin uğurla inkişaf etməsi növün tamamilə yox olmasının qarşısını ala bilər. Milli.Az