Aşura iyunun 25-nə təsadüf edəcək
Bu il Aşura günü iyunun 25-nə təsadüf edir. “Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə açıqlamasında ilahiyyatçı alim, QMİ-nin məsul əməkdaşı Samid Quliyev bildirib. Onun sözlərinə görə, iyunun 16-sı Azərbaycan ərazisində Məhərrəm ayının ilk günüdür: “Bu tarix eyni zamanda hicri-qəməri təqvimi ilə 1448-ci ilin başlanğıcı hesab edilir. İslam tarixində xüsusi əhəmiyyətə malik olan Məhərrəm ayı hicri-qəməri təqviminin ilk ayıdır və müsəlmanlar üçün mənəvi dəyərlər, fədakarlıq, səbir və iman nümunələrinin xatırlandığı mühüm zaman kəsiyidir. Bu ay insanları öz mənəvi dünyalarına nəzər salmağa, xeyirxahlıq və mərhəmət hisslərini daha da gücləndirməyə çağırır”. İlahiyyatçı alim qeyd edib ki, Məhərrəm ayının ən mühüm günlərindən biri Aşura günüdür: “Bu il Aşura günü 25 iyun 2026-cı il tarixinə təsadüf edir. Aşura günü İslam tarixinin ən kədərli və eyni zamanda ən şərəfli hadisələrindən biri sayılan Kərbəla faciəsi ilə bağlıdır. Hicri 61-ci ildə baş vermiş bu hadisə zamanı Peyğəmbər (s) nəvəsi İmam Hüseyn və onun silahdaşları haqq, ədalət və mənəvi dəyərlər uğrunda şəhid olmuşlar. Kərbəla hadisəsi əsrlər boyu müsəlmanların yaddaşında zülmə qarşı mübarizənin, haqq yolunda dönməzliyin və mənəvi qəhrəmanlığın simvolu kimi yaşamaqdadır. Bu səbəbdən Məhərrəm ayı həm də insan ləyaqətinin, vicdan azadlığının və ədalət uğrunda mübarizənin təcəssümü kimi dəyərləndirilir. Azərbaycanda Məhərrəm ayı boyunca məscidlərdə və dini məkanlarda müxtəlif mərasimlər, moizələr və dini-maarifləndirici tədbirlər təşkil olunur. Möminlər Kərbəla şəhidlərinin xatirəsini yad edir, birlik, həmrəylik və mənəvi kamillik ideyalarını təbliğ edirlər. Xüsusilə Aşura günü ehtiyacı olan insanlara yardım göstərilməsi, qanvermə aksiyalarında iştirak və xeyriyyəçilik fəaliyyəti kimi humanist təşəbbüslər geniş şəkildə dəstəklənir”, - o əlavə edib.

Şərh verin