Çiyələk mürəbbəsinin qatı olması üçün nə etməli?

Çiyələk mürəbbəsinin qatı və mükəmməl konsistensiyada olması üçün doğru meyvə seçimi, şəkər balansı və düzgün bişirmə texnikası böyük əhəmiyyət daşıyır. Mürəbbə soyuduqca daha da qatılaşacağı üçün həm bişirmə, həm də dincəltmə mərhələlərinə diqqət yetirilməlidir. Milli.Az xəbər verir ki, çiyələk mürəbbəsinin qatı olması üçün ilk növbədə düzgün meyvə seçilməlidir. Çox sulu və həddindən artıq yumşalmış çiyələklər mürəbbənin duru qalmasına səbəb olur. Buna görə də daha diri və orta yetişmiş çiyələklərə üstünlük verilməlidir. Çiyələklər yaxşıca yuyulmalı və saplaqlarından təmizlənməlidir. Meyvələri kiçik hissələrə doğramaq suyun ayrılmasını tarazlayır. Ehtiyac varsa, çiyələklər şəkər tozuna qoyularaq bir neçə saat gözlədilməlidir. Bu addım daha sıx və qatı bir mürəbbə konsistensiyası əldə etməyin əsasıdır. Mürəbbənin lazımi qatılıqda olması üçün şəkər nisbəti doğru tənzimlənməlidir: Adətən 1 kiloqram çiyələk üçün 800 qram ilə 1 kiloqram arası şəkər tozu istifadə olunur. Şəkər mürəbbənin suyunu bağlayaraq onun daha sıx struktur almasına kömək edir. Limon şirəsi həm qatılığı sabitləyir, həm də mürəbbənin şəkərlənməsinin qarşısını alır. Lakin limonun miqdarı çox olarsa, konsistensiyanı durulaşdıra bilər. Bu səbəbdən limondan ölçülü istifadə etmək lazımdır. Mürəbbənin qatılaşmasında bişirmə temperaturu əsas rol oynayır: Geniş bir qazanda (və ya ləyəndə) bişirmək istiliyin bərabər paylanmasına və suyun daha sürətlə buxarlanmasına şərait yaradır. Mürəbbəni orta atəşdə, yavaş-yavaş bişirmək suyun buharlaşmasını təmin edir. Yüksək alov çiyələklərin dağılmasına səbəb ola bilər. Təxminən 30-45 dəqiqə arası nəzarətli şəkildə bişirmək tövsiyə olunur. Bişirmə zamanı mürəbbəni davamlı olaraq qarışdırmamaq suyun buxarlanmasını asanlaşdırır. Mürəbbə qatılaşdıqca taxta qaşıqla daha diqqətli qarışdırılmalıdır. Mürəbbənin istənilən qatılığa çatdığını anlamaq üçün sadə bir üsuldan istifadə edə bilərsiniz: Bir damla mürəbbəni soyuq boşqaba damcıladın. Əgər damla boşqabda yayılmırsa, deməli, mürəbbə lazımi konsistensiyanı alıb. Mürəbbə isti rəngdə ikən axıcı və duru görünməsi normaldır. Əsl qatılıq mürəbbə tamamilə soyuduqdan sonra ortaya çıxır. Bu səbəbdən ocaqdan götürüldükdən sonra mürəbbənin dincəlməsinə mütləq zaman ayrılmalıdır. Lalə Qüdrətova Milli.Az