Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq edə bilər

Xarici işlər naziri Ceyhun Bayramov Yaponiyaya rəsmi səfəri çərçivəsində həmin ölkənin xarici işlər naziri Toşimitsu Motegi ilə görüşüb. XİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, Yaponiyanın ölkəmizin müstəqilliyini tanıyan ilk ölkələrdən olduğu, habelə 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin Yaponiyaya ilk rəsmi səfərinin, Prezident İlham Əliyevin 2006-cı il səfərinin Azərbaycan-Yaponiya münasibətlərinin inkişafında mühüm mərhələ olduğu, siyasi və iqtisadi əməkdaşlığın genişlənməsinə güclü təkan verdiyi vurğulanıb. Görüş zamanı, Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoqun genişləndirilməsi, iqtisadi, ticarət, investisiya, enerji, nəqliyyat, rəqəmsal transformasiya, innovasiya, təhsil, turizm, idman, iqlim dəyişmələri ilə mübarizə və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Nazirlər 2027-ci ildə Azərbaycan Respublikası ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd olunacağını vurğulayaraq, ötən dövr ərzində qarşılıqlı hörmət, etimad və dostluq prinsiplərinə əsaslanan əməkdaşlığın müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etdiyini məmnunluqla qeyd ediblər. Bu əlamətdar yubileyin ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi üçün əlavə imkanlar yaratdığı bildirilib. Nazir C.Bayramov Yaponiya vətəndaşları üçün Azərbaycan tərəfindən tətbiq olunması nəzərdə tutulan vizasız rejim təşəbbüsü barədə məlumat verib. Nazirlər bunun insanlar arasında təmasların, turizm və işgüzar əlaqələrin inkişafına əlavə töhfə verəcəyini qeyd ediblər. Tərəflər enerji təhlükəsizliyi sahəsində uzunmüddətli əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rolu qeyd ediblər. Azəri-Çıraq-Günəşli yatağı və Bakı-Tbilisi-Ceyhan boru kəməri çərçivəsində mövcud uğurlu əməkdaşlıq nümunələri yüksək qiymətləndirilib. Görüş zamanı, Ceyhun Bayramov qarşı tərəfə postmünaqişə dövründə regionda mövcud vəziyyət, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesi barədə ətraflı məlumat verib.