Viza ala bilməyənlərə pulsuz televizor verdilər — Fotolar

2026-cı il Dünya Çempionatını izləmək üçün ABŞ-yə getmək istəyən, lakin viza müraciətləri rədd edilən onlarla argentinalı təsəlli olaraq pulsuz televizor əldə edib. “Qafqazinfo” xəbər verir ki, Argentinanın iri şirkətlərindən olan “Newsan” konserni yerli “Noblex” markası ilə həyata keçirdiyi kampaniya çərçivəsində ABŞ vizasından imtina cavabı alan ilk 100 nəfərə pulsuz televizor hədiyyə edib. Buenos-Ayresdə şirkətin ofisi qarşısında keçirilən aksiyada iştirakçılar 2026-cı ilin yanvar–iyun ayları arasında ABŞ vizası üçün müraciət etdiklərini və rədd cavabı aldıqlarını təsdiqləyən sənədləri təqdim ediblər. Bundan sonra onlara “Noblex” markalı televizorlar verilib. Kampaniyanın sosial şəbəkələrdə yayımlanan reklamında “Rədd edilmiş vizanızı gətirin, pulsuz televizorunuzu aparın” şüarı yer alıb. Televizor alanlardan biri, 24 yaşlı peşəkar kiberidmançı Tomas Vaqeller olub. O bildirib ki, DÇ-ni yerində izləmək üçün viza müraciəti edib. “Hamımız bunun Lionel Messinin son Dünya Çempionatı olacağını düşünürdük. Onu stadionda izləyə bilməyəcəyim üçün çox məyusam. Amma heç olmasa, evə hədiyyə ilə qayıdıram”, – deyə Vaqeller bildirib. Qeyd edək ki, DÇ ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçirilir.