Azərbaycan Universiteti RUR reytinqində mövqeyini möhkəmləndirib

Azərbaycan Universiteti dünyanın nüfuzlu “Round University Ranking” (RUR) beynəlxalq reytinq sisteminin yeni siyahısında 26 pillə irəliləyib. “Qafqazinfo” xəbər verir ki, universitet sözügedən reytinq cədvəlində 2025-ci il ilə müqayisədə 970-ci yerdən 944-cü yerə yüksələrək qlobal təhsil məkanında mövqeyini daha da möhkəmləndirib. Azərbaycan Universiteti həmçinin bu göstərici ilə ölkə üzrə 4-cü ən yaxşı ali təhsil müəssisəsi statusunu qoruyub saxlayıb. Dünyanın nüfuzlu beynəlxalq reytinq sistemlərindən biri olan RUR  universitetlərin fəaliyyətini 4 strateji istiqamət (tədrisin keyfiyyəti, elmi-tədqiqat fəaliyyəti, beynəlmiləlləşmə səviyyəsi və maliyyə dayanıqlılığı) və 20 göstərici əsasında qiymətləndirir. Metodologiyaya əsasən, ümumi qiymətləndirmədə tədris və tədqiqat göstəricilərinin hər biri 40 faiz, beynəlmiləlləşmə səviyyəsi və maliyyə dayanıqlılığı göstəricilərinin hər biri isə 10 faiz paya malikdir. Qiymətləndirmə zamanı akademik heyətin sayı, tələbə-müəllim nisbəti, elmi nəşrlər və istinadlar, beynəlxalq əməkdaşlıq göstəriciləri, xarici tələbə və müəllimlərin payı, eləcə də universitetin maliyyə resurslarının səmərəliliyi kimi meyarlar nəzərə alınır. RUR reytinqinə Azərbaycandan bu il 17 universitet daxil olub. Qeyd edək ki, Azərbaycan Universiteti 2024-cü ildə ilk dəfə daxil olduğu RUR reytinqində ardıcıl olaraq 3-cü dəfədir ki, ölkə üzrə 4-cü yerdə qərarlaşır. Bu nəticə Azərbaycan Universitetinin beynəlxalq reytinqlərdə mövqeyinin yüksəlməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Reytinqdə qeydə alınan irəliləyiş və ölkə üzrə statusun qorunması universitetin tədris və elmi-tədqiqat fəaliyyətinin inkişaf dinamikasını əks etdirməklə yanaşı, beynəlxalq akademik məkanda tanınırlığının artdığını da nümayiş etdirir.