Milli Qurtuluş Günü Cəlilabadda da qeyd edildi — Fotolar
İyunun 12-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. “Qafqazinfo” xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların kollektivləri və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edərək abidənin önünə tər gül-çiçək dəstələri qoyub. Sonra iştirakçılar Heydər Əliyev Mərkəzində 15 İyun - Milli Qurtuluş Günü və Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən foto sərgilərə baxış keçiriblər. Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov tədbir iştirakçılarını Milli Qurtuluş Günü münasibətilə təbrik edərək, bildirib ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da, ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu Öndərin qurduğu Azərbaycan bu gün Prezident İlham Əliyevin güclü siyasəti və müdrik rəhbərliyi ilə bütün dünyaya möhtəşəm tərəqqi və güc nümayiş etdirir, böyük dövlət xadimi Heydər Əliyevin banisi olduğu dövlətçilik strategiyası müasir və yeni Azərbaycanın gerçəklərində təzahür edir. Bu gün hər bir azərbaycanlı Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqına ləyaqətlə xidmət göstərmiş əbədiyaşar lideri Ulu Öndər Heydər Əliyevi böyük rəğbət və ehtiramla yad edir. Tədbirdə 15 İyun - Milli Qurtuluş Günü haqqında sənədli film nümayiş etdirilib. Daha sonra Yeni Azərbaycan Partiyası Cəlilabad rayon Təşkilatının sədri Mirsüleyman Mirxaslı, Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahib Kərimov və Həkim-nevropatoloq Gülər İsgəndərova çıxış edərək Ulu Öndərin Azərbaycan xalqının tarixində əvəzsiz xidmətlərindən bəhs edib, bu gün əsası Heydər Əliyev tərəfindən qoyulmuş müdrik siyasətin respublikamızda bütün sahələri əhatə edən inkişafın, beynəlxalq arenada qazanılan yüksək nailiyyətlərin hazırda Ulu Öndərin siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilib. Sonda tədbir Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə mədəniyyət nümayəndəliyinin solistlərinin ifasında konsert proqramı ilə davam etdirilib.

Şərh verin