Bu yay plastik pipetdən istifadə etməzdən əvvəl iki dəfə düşünün
Soyuq içkilərlə birlikdə istifadə olunan plastik pipetlər olduqca geniş yayılıb. Plastik pipetlərin demək olar ki, hər kəs tərəfindən istifadə edilməsi isə sadəcə ətraf mühitin çirklənməsinə səbəb olmur. Mütəxəssislər tez-tez istifadə olunan plastik pipetlərin zərərlərini ardıcıllıqla açıqlayıblar. Bu yay plastik pipetdən istifadə etməzdən əvvəl iki dəfə düşünməli olacaqsınız. Milli.Az xəbər verir ki, çoxumuz kafe və restoranlarda qarşımıza gələn içkilərə düşünmədən bir plastik pipet daxil edirik. Birdəfəlik plastik pipetlər uzun müddətdir ki, qlobal ekoloji müzakirələrin mərkəzində yer alır. Lakin məsələ təkcə təbiəti qorumaqdan ibarət deyil; bu kiçik plastik çubuqlar həzm sistemimizdən diş sağlığımıza, kimyəvi təsirlərdən estetik görünüşümüzə qədər həyatımıza birbaşa təsir edən gizli bir sağlamlıq problemidir. Fiziki və ya tibbi səbəblərdən pipet istifadə etmək məcburiyyətində olanlar istisna olmaqla, əslində böyük əksəriyyətimiz üçün pipetlər tamamilə lazımsız bir istehlak vərdişindən ibarətdir. Üstəlik, bəşəriyyətin 1960-cı illərdən əvvəl, minilliklər boyu pipetsiz çox rahat yaşaya bildiyini də unutmaq olmaz. Qidalanma mütəxəssisi və diyetoloq Kristi Brisetin apardığı araşdırmalar plastik pipet istifadəsinin sağlamlığımıza vurduğu ciddi zərərləri gözlər önünə sərir. Sizi pipetdən imtina etməyə vadar edəcək ən təsirli səbəblər bunlardır: Xroniki qaz və şişkinliyin səbəbi Heç kim gün ərzində özünü narahat edən və sosial mühitdə çətin vəziyyətə salan qaz və şişkinlik hissindən xoşlanmır. Əgər tez-tez bu problemdən şikayət edirsinizsə, səbəbkarı uzaqda axtarmağa ehtiyac yoxdur. Pipet vasitəsilə nə isə içmək, maye ilə birlikdə həzm sisteminizə əlavə və intensiv şəkildə havanın daxil olmasına yol açır. Bu artıq hava isə mədənizdə toplanaraq şişkinlik və qaz sancısı kimi narahatlıqları birbaşa tətikləyir. Diş çürüklərinə qarşı aldadıcı güvən Bir çox insan turşulu və ya şəkərli içkilərin dişlərinə zərər verməsinin qarşısını almaq məqsədilə pipetdən istifadə edir. Halbuki reallıq tam tərsinədir. Pipetlə içdiyiniz zaman şəkərli və turşulu maye ağız boşluğunda bərabər paylanmaq əvəzinə, dişlərin müəyyən bir nöqtəsinə daha intensiv və təzyiqlə yönəlir. Bu davamlı və lokal təmas diş minasının sürətlə aşınmasına və beləliklə, çürümə riskinin ciddi şəkildə artmasına zəmin yaradır. Bu zərərli təsiri azaltmağın yeganə yolu pipeti dişlərin tam arxasına yerləşdirməkdir; lakin bu üsul da əksər insanlarda qaytarma refleksini oyadır. Neftdən gələn gizli kimyəvi maddələr Əsl üzərində dayanılmalı və narahatlıq doğuran mövzu bu pipetlərin neft məhsullarından istehsal olunmasıdır. Birdəfəlik plastik pipetlərin istehsalında əsasən polipropilen adlı materialdan istifadə edilir. Hər nə qədər qida qurumları (məsələn, FDA) bu materialı müəyyən limitlər daxilində "qida üçün təhlükəsiz" qəbul etsə də, məsələnin pərdəarxası kifayət qədər qaranlıqdır. Aparılan bəzi araşdırmalar göstərir ki, xüsusilə isti və ya turşulu içkilərlə təmasda olduqda, yaxud günəşin ultrabənövşəyi (UV) şüalarına məruz qaldıqda polipropilen mayeyə kimyəvi maddələr sızdıra bilər. Sızan bu birləşməlerin insan orqanizmindəki estrogen səviyyəsinə və hormonal balansa mənfi təsir göstərdiyi irəli sürülür. Üstəlik, problem təkcə öz stəkanımızla bitmir; təbiətə atdığımız bu plastiklər mikroplastiklərə çevrilərək dəniz məhsulları və istehlak etdiyimiz xörək duzu vasitəsilə boşqabımıza geri qayıdır. Pipet istifadəsini azaltmaq, dolayı yolla öz mikroplastik istehlakımızı da aşağı salmaq deməkdir. Fərqinə varmadan həddindən artıq şəkər qəbulu Mütəxəssislərin diqqət çəkdiyi digər bir məqam isə pipetlərin içmə sürətimizi dəyişdirməsidir. Pipet istifadəsi, içkiləri normal stəkandan içməklə müqayisədə çox daha sürətli və fərqində olmadan daha yüksək miqdarda istehlak etməmizə səbəb olur. Bu vəziyyət xüsusilə yüksək kalorili şəkərli içkilərin və spirtli içkilərin qəbulu zamanı porsiya nəzarətini itirməyinizə gətirib çıxara bilər. Erkən yaşda dodaq qırışları Sağlamlıq və ekoloji faktorlar sizi hələ də inandırmadısa, bəlkə estetik qayğılar qərarınızı dəyişə bilər. Pipetlə mayeni çəkmək üçün dodaqlarınızı davamlı olaraq büzmək məcburiyyətində qalırsınız. Bu təkrarlanan əzələ hərəkəti zamanla dodaq ətrafında eynilə siqaret çəkənlərdə olduğu kimi incə və qalıcı yaşlılıq cizgilərinin (qırışların) yaranmasına səbəb olur. Ekoloji araşdırma təşkilatlarının (məsələn, Better Alternatives Now) paylaşdığı analizlərə görə, təbiətdəki plastik çirklənməsinin %7,5-ni təkbaşına pipetlər və içki qarışdırıcıları təşkil edir. Digər bir aktual araşdırma isə dünya miqyasındakı çimərlikləri təxminən 8,3 milyard plastik pipetin çirkləndirdiyini göstərir. Plastik çirklənməsi nəhəng bir qlobal böhrandır; buna görə də plastik pipet istifadəsini həyatımızdan tamamilə çıxarmaq, birdəfəlik plastik çılğınlığından uzaqlaşmaq və həm özümüz, həm də planetimiz üçün sağlam bir həyat tərzi qurmaq adına əla bir başlanğıc nöqtəsidir. Lalə Qüdrətova Milli.Az

Şərh verin