Abşeron məktəblərində “Son zəng” qeyd olundu — Fotolar
Bu gün Abşeron rayonunda fəaliyyət göstərən tam orta məktəblərdə “Son zəng” tədbirləri keçirilib. “Qafqazinfo” xəbər verir ki, Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə təşkil olunan “Son zəng” tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşları, şəhid ailələri, qazilər, o cümlədən valideynlər iştirak ediblər. Dövlət Himni oxunduqdan sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Abşeron RİH başçısı məzunları və pedaqoji kollektivi Qurtuluş Günü və “Son zəng” münasibəti ilə təbrik edərək bildirib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi təhsil sahəsində də böyük inkişaf əldə olunub. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci Vitsde-Prezidetn Mehriban Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğı nəticəsində Abşeron rayonu da daxil olmaqla respublika ərazisində yüzlərlə orta məktəb tikilib, mövcud binalar isə əsaslı şəkildə təmir olunub, təhsil ocaqlarının maddi-texniki bazası gücləndirilib, tədrisin keyfiyyətinin artırılması istiqamətində islahatlar aparılıb. RİH başçısı xalqımızın Vətən müharibəsində qazandığı zəfərdən danışıb, qələbə üçün döyüşən igid övladlarımızın müstəqil Azərbaycanın orta məktəblərində formalaşdığını, təlim-tərbiyə olunduğunu, milli vətənpərvər ruhunda yetişdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. A.Fərzəliyev tarixi qələbədə payı olan qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirərək qeyd edib ki, Azərbaycan xalqı şəhidlərimizi daim qəlblərdə yaşadacaq, bugünkü və gələcək nəsillər hər zaman onlardan ibrət götürəcək. Sonda RİH başçısı A.Fərzəliyev Vətən müharibəsi şəhidi Ruslan İsmayılovun oğlu Nihat İsmayılovu orta məktəbi bitirməsi münasibəti ilə təbrik edib, ona gələcək həyatında uğurlar arzulayıb. Mərasimdə məzunların və məktəblilərin hazırladıqları bədii kompozisiyalar təqdim edilib.

Şərh verin