"Elə davranırlar ki, sanki buralar ulu babalarından miras qalıb" - Xəzər sahilində daha bir hasarlama

Yay mövsümünün gəlişi ilə dənizkənarı ərazilərin hasarlanması və sahil zonalarına girişin məhdudlaşdırılması məsələsi yenidən gündəmə gəlib. Milli.Az xəbər verir ki, növbəti belə hasarlama işi avtomobil yolundan Xəzərə gedən yolda görülüb. Belə ki, sonu dənizə çıxmalı olan yol böyük bir villa ilə məhdudlaşdırılıb. Çimmək istəyən sakinlər ya, hündürlüyü təxminən 2 metrdən çox olan olan divarı aşmalı, ya da həmin villanın həyətindən keçməlidir. "Ümumi sərvətlər var ki, onlar xalqa məxsusdur. Amma bəzi insanlar elə davranırlar ki, sanki bu ərazilər onlara ulu babalarından miras qalıb", - deyə sakinlərdən biri bildirib. "Bu, təbiətə müdaxilədir. Ölkə sakinləri ilə Xəzər dənizi arasında, min illərdir bizə miras qalmış sahil xətti arasında süni sədd çəkilir. Bu, yolverilməzdir", - digər sakin qeyd edib. Mövzu ilə bağlı açıqlama verən millət vəkili Elşad Musayev dəniz sahillərinin qanunsuz şəkildə hasarlanmasını qəbuledilməz adlandırıb. Deputat bildirib ki, dəniz və sahil əraziləri bütün vətəndaşların istifadəsi üçün nəzərdə tutulub: "Bəzi vəzifəli şəxslər və iş adamları fürsətdən istifadə edərək sahil ərazilərini qanunsuz şəkildə hasarlayırlar. Onlar nə qanunlardan, nə də ictimai narazılıqdan çəkinirlər". Elşad Musayevin sözlərinə görə, müvafiq dövlət qurumları və səlahiyyətli şəxslər bu kimi qanunsuz halların qarşısını almalıdır. (baku.tv) Milli.Az