“Təhsil Tələbə Krediti Fondu vasitəsilə 70 min gəncə dəstək göstərilib”
“Son 5 ildə Azərbaycanda gənclərin təhsilinə təxminən 2 milyard ABŞ dolları pul ayrılıb. O cümlədən Elm və Təhsil Nazirliyi yanında Təhsil Tələbə Krediti Fondu vasitəsilə indiyə kimi təxminən 70 min gəncə müxtəlif formalarda dəstək göstərilib”. “Qafqazinfo” xəbər verir ki, bunu maliyyə nazirinin I müavini Anar Kərimov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı İllik Toplantısı çərçivəsində təşkil olunmuş “Sərhədsiz Gənclik: Müştərək Regional Rifahın Hərəkətverici Qüvvəsi” tədbirində bildirib. Nazir müavini qeyd edib ki, islamda təhsil yalnız iqtisadi investisiya deyil, bu, insan ləyaqətinə, məsuliyyətinə və cəmiyyətə xidmətə yönəlmiş investisiyadır. Məhz buna görə də, Azərbaycanda gənclərə investisiya etmək, əslində, gənc sahibkarlara investisiya etmək deməkdir: “Gənclərə ayırmalar xərc deyil, milli inkişaf üçün strateji investisiyadır. İnanıram ki, ən vacib məsələ insanların maliyyələşdirilməsidir. Çünki İsDB-yə üzv ölkələrdə yaşayan milyonlarla gənc ən böyük inkişaf potensiallarından birini təmsil edir. Lakin imkanlar öz-özünə yaranmır. Onlar dəstəklənməli, formalaşdırılmalı, maliyyələşdirilməli, sərhədlərarası əməkdaşlıq vasitəsilə bir-biri ilə əlaqələndirilməlidir. Çünki istedad və innovasiya sərhəd tanımır. Azərbaycanda biz gənclərə inanırıq və hesab edirik ki, onlar sadəcə xərc maddəsi deyil, milli inkişafın ayrılmaz hissəsi olan strateji investisiyadır”. A.Kərimov həmçinin Azərbaycanda gənc sahibkarlar üçün regional imkanların genişləndirildiyini bildirib: “Gənc sahibkarların daha böyük bazarlara çıxış əldə etməsi üçün onlara geniş imkanlar, yüksək mobillik və güclü ekosistemlər lazımdır. Regional əməkdaşlıq bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycan bir-biri ilə bağlı mədəniyyətlərin, xalqların və bazarların qovuşduğu məkandır. Avropa, Mərkəzi Asiya və Yaxın Şərqin kəsişməsində yerləşən ölkəmiz Orta Dəhliz boyunca mühüm nəqliyyat və ticarət qovşağı kimi mövqeyini gücləndirməkdə davam edir. Bu üstünlük ticarətin, investisiyaların, innovasiyaların və insanlararası əlaqələrin inkişafına mühüm töhfə verir”. *** Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda əhalinin təxminən 25 faizini gənclər təşkil edir. Uşaqlarla birlikdə götürdükdə isə bu göstərici ölkə əhalisinin təxminən yarısına bərabərdir. Onun sözlərinə görə, bugünkü tədbirdə dövlətimizin bu istiqamətdə həyata keçirdiyi siyasət, gənclər üçün yaradılmış imkanlar, dövlət proqramları və müxtəlif dövlət qurumları tərəfindən icra olunan qrant layihələri haqqında məlumat təqdim edilir: “Qeyd etdim ki, 2004-cü ildə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu məhz Bakıda təsis olunub. Bu, ölkəmizin və regionumuzun gənclərinə verilən mühüm töhfələrdən biridir. Təşkilatın regional ofisləri də Bakıda fəaliyyət göstərir. Bu qurumun fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən xüsusi diqqət ayrılır. Biz də dövlət qurumu olaraq gənclər siyasəti çərçivəsində İslam coğrafiyasında yaşayan gənclərə öz töhfəmizi verməyə çalışırıq. Bildiyiniz kimi, ötən il Şuşa şəhəri İslam dünyasının Gənclər Paytaxtı elan edilmişdi. Bu çərçivədə çoxsaylı tədbirlər həyata keçirildi və həmin tədbirlərdə müxtəlif ölkələrdən gəlmiş gənclər fəal iştirak etdilər”. Gülnar Əliyeva

Şərh verin