AZAL Şımkentə ilk uçuşunu həyata keçirdi
İyunun 16-da Azərbaycan Hava Yolları (AZAL) Bakı–Şımkent marşrutu üzrə ilk reysini uğurla həyata keçirib. “Qafqazinfo” xəbər verir ki, yeni marşrutun açılışı münasibətilə Qazaxıstanın üçüncü ən böyük şəhəri olan Şımkentdə xüsusi tədbir təşkil olunub. Tədbirdə media nümayəndələri, turizm və aviasiya sektorunun təmsilçiləri iştirak edib. Qonaqlar şəhərin turizm potensialı, mədəni irsi və müasir infrastrukturu ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Qeyd edək ki, AZAL-ın yay uçuş cədvəlinə əsasən, Bakı-Şımkent-Bakı marşrutu üzrə uçuşlar 16-27 iyun tarixlərində həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək. İyunun 30-dan isə reyslərin sayı artırılaraq həftədə üç dəfəyə çatdırılacaq. Bakıdan Şımkentə uçuşlar çərşənbə axşamı, cümə axşamı və şənbə günləri, əks istiqamətdə isə çərşənbə, cümə və bazar günləri yerinə yetiriləcək. Yeni istiqamətin açılması Azərbaycan və Qazaxıstan arasında hava əlaqələrinin daha da genişləndirilməsi, turizm və biznes əlaqələrinin inkişafı, eləcə də iki ölkə arasında humanitar əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. AZAL-ın marşrut şəbəkəsinə Şımkent şəhərinin daxil edilməsi sərnişinlər üçün səyahət imkanlarını daha da genişləndirəcək, eyni zamanda milli aviadaşıyıcının Mərkəzi Asiya regionundakı mövqeyinin güclənməsinə və region ölkələri arasında əlaqələrin inkişafına əlavə töhfə verəcək. Aviabiletləri AZAL-ın rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür. Günel İbrahimova

Şərh verin