Norveç 28 il sonra qayıtdığı DÇ-yə darmadağınla başladı

2026-cı il Dünya Çempionatının qrup mərhələsində Norveç İraqı 4:1 hesabı ilə məğlub edib. “Qafqazinfo” xəbər verir ki, qarşılaşmanın əsas qəhrəmanı isə turnirdə debüt edən Erlinq Haaland olub. Norveç millisinin ulduz hücumçusu ilk hissədə vurduğu iki qolla komandasının qələbəsində həlledici rol oynayıb. Beləliklə, 25 yaşlı futbolçu DÇ-dəki ilk oyununda dubl edərək turnirə iddialı başladığını nümayiş etdirib. Matça fəal başlayan Norveç ilk təhlükəli epizodlarını Haalandın iştirakı ilə yaradıb. Hesab 29-cu dəqiqədə açılıb. David Möller Volfenin ötürməsini arxa dirəkdə tamamlayan Haaland komandasını önə keçirib. İraq yığması 37-ci dəqiqədə Aymən Hüseynin baş zərbəsi ilə tarazlığı bərpa etsə də, bu sevinc uzun sürməyib. Cəmi üç dəqiqə sonra qapıçı Cəlal Həsənin kobud səhvindən yararlanan Haaland topu qapıya göndərərək, özünün və komandasının ikinci qolunu vurub. İkinci hissədə Norveç üstünlüyünü daha da artırıb. Komandanın kapitanı Martin Edeqor fərqlənərək hesabı 3:1-ə çatdırıb. Qarşılaşmanın son saniyələrində isə Kristian Torstvedtin təzyqi altında İraq müdafiəçisi Aymən Hüseyn topu öz qapısından keçirib və yekun hesab müəyyənləşib – 4:1. Beləliklə, DÇ-yə 28 illik fasilədən sonra qayıdan Norveç turnirə qələbə ilə başlayıb. İraq isə 40 ildən sonra qatıldığı mundialdakı ilk oyununda məğlubiyyətlə üzləşib.