Sürücülərin çoxu bilmir: Motosikletin sükanına sarı əski bağlanıbsa, diqqətli olun

Mobil telefonların hələ icad edilmədiyi dövrlərdən bəri Avropa yollarında onilliklərdir istifadə olunan bu üsul sürücülər arasında həyati bir həmrəyliyin rəmzidir. Almaniya, Danimarka və Norveç kimi ölkələrdə bir ənənəyə çevrilən və motosiklet mühitinin öz aralarında istifadə etdiyi bu gizli kodun arxasında mühüm həqiqətlər dayanır: Milli.Az xəbər verir ki,  sükana bağlanan sarı əski, motosikletçilər arasında qeyri-rəsmi, lakin qlobal olaraq bu anlama gəlir: "Çətin vəziyyətdəyəm, köməyə ehtiyacım var!" Bu, sürücünün ya mexaniki nasazlıq ucbatından yolda qaldığını, ya da qəfil pisləşmə, yaralanma kimi fiziki narahatlıq səbəbindən yoluna davam edə bilmədiyini göstərir. O, sözlərə ehtiyac duymadan, yoldan keçən digər həmkarlarına bir SOS siqnalı göndərir. Sarı rəngin seçilməsi təsadüfi deyil. Sarı, insan gözünün ən sürətli qəbul etdiyi və görünmə dərəcəsi ən yüksək olan rənglərdən biridir. Bunun sayəsində əlverişsiz hava şəraitində, güclü yağışda və ya toranlığın az işıqlı mühitində belə yoldan keçən digər sürücülər tərəfindən sürətlə fərq edilə bilir. Ölkələrə görə dəyişən kodlar: "Yerə qoyulan kask" Bu səssiz imdad çağırışı ölkədən ölkəyə fərqlənə bilər. Məsələn, İspaniyada və bəzi Aralıq dənizi ölkələrində motosikletçilər sarı əski yerinə kasklarını (dəbilqələrini) motosikletin yanına, yerə qoymağa üstünlük verirlər. Yol hərəkəti qaydalarında yazılmasa da, kaskın yerdə dayanması həmin sürücünün təcili kömək gözlədiyinin net göstəricisidir. Həyat qurtaran kask seçimi necə olmalıdır? Motosiklet mühitində kaskın yerə qoyulması bir kömək siqnalı olsa da, onun əsas vəzifəsi insan bədəninin ən mühüm orqanını - beyni qorumaqdır. Araşdırmalar göstərir ki, motosiklet qəzalarındakı ölümlərin təxminən 80%-i kəllə-beyin travmalarından qaynaqlanır. Doğru kask seçimi ölümcül yaralanma riskini 30% azaldır, qəzadan xəsarətsiz qurtulma şansını isə 20% artırır. Kask seçərken və istifadə edərkən bu kritik detallara diqqət yetirilməlidir: Doğru ölçünü seçin: Başınızın çevrəsini qaşlarınızın və qulaqlarınızın dərhal üzərindən ölçün. Daxili doldurucu materiallar zamanla bir az boşalacağı üçün kask başınıza tam oturmalı, boşluq qalmamalı, hətta yüngülcə sıxmalıdır. Tam qapalı (Full-Face) modellərə üstünlük verin: Açıq kasklar yüngül və havalı olsa da, üzü və çənəni qorumasız qoyur. Yol sürüşlərində hər zaman çənəni də qoruyan tam qapalı kasklar seçilməlidir. Material keyfiyyəti: Fiberqlas kasklar, polikarbonat və ya termoplastik kasklarla müqayisədə zərbələrə qarşı daha dözümlüdür. Polikarbonat kasklar zamanla qoruyucu xüsusiyyətini itirdiyi üçün bir neçə ildən bir yenilənməlidir. Sertifikat etiketini yoxlayın: Üzərində Avropa Birliyi standartlarına uyğunluğunu göstərən "E" hərfi və sertifikatlaşdırma ölkəsinin nömrəsi olan təsdiqlənmiş kasklardan başqasını əsla istifadə etməyin. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)