Faciəvi motosiklet və moped qəzalarının arxasında hansı səbəblər dayanır? - AÇIQLAMA

Son illərdə motosiklet və mopedlərə maraq əhəmiyyətli dərəcədə artıb. Həm sərfəli nəqliyyat vasitəsi olması, həm də şəhər daxilində rahat hərəkət imkanı yaratması bu nəqliyyat növlərinin populyarlığını artırır. Lakin istifadənin genişlənməsi ilə paralel olaraq yol-nəqliyyat hadisələrinin sayı da diqqət çəkir. Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Milli.Az -a bildirib ki, motosiklet və moped baş verməsinin əsas səbəbi təhlükəsizlik qaydalarına əməl edilməməsidir. "Bir çox hallarda insanlar yol hərəkəti qaydalarını öyrənmədən motosiklet və ya moped alırlar. Onlar düşünürlər ki, bu, yüngül nəqliyyat növüdür, az yanacaq sərf edir, bəzi hallarda isə elektriklə işləyir. Xüsusilə son dövrlərdə motosiklet və moped sürməyə qadınların marağı artıb. Motosiklet və moped sürənlərin əksəriyyəti yalnız nəqliyyat vasitəsini idarə etməyi öyrənir, lakin yol hərəkəti qaydalarına kifayət qədər diqqət yetirmirlər. Dəbilqədən düzgün istifadə qaydaları, sürət rejiminə əməl olunması, sərt döngələrdə hərəkət qaydaları və digər vacib məsələlər çox vaxt nəzərdən qaçırılır." E. Muradlı qeyd edib ki, sürət artdıqca görmə imkanları məhdudlaşır. "İnsan gözünün müəyyən bucaq altında görmə imkanı var və sürət yüksəldikcə bu imkanlar azalır. Bu da təhlükəli vəziyyətlərin vaxtında qiymətləndirilməsini çətinləşdirir. Bəzi insanlar düşünür ki, motosiklet oyuncaqdır. Lakin bu, belə deyil. Baş verən faciəvi qəzalar da göstərir ki, təhlükəsizlik qaydalarına əməl etmək mütləqdir. Ölkəmizin "Yol hərəkəti haqqında" qanununda və beynəlxalq yol hərəkəti qaydalarında hətta atlar və qoşqularla bağlı da müəyyən tələblər nəzərdə tutulub. Ümumiyyətlə, sürücü, sərnişin və piyadaların hər biri qanun qarşısında məsuliyyət daşıyır. Qaydaların sərtləşdirilməsinə baxmayaraq, təəssüf ki, hələ də neqativ hallarla rastlaşırıq." Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumata görə İlin ilk üç ayında motosiklet və moped sürücülərinin təqsiri üzündən 5 yol qəzası baş verib.