Yeni serialla ekranlara qayıdır
Uzun müddətdir “Kim Milyoner Olmaq İster?” verilişinin aparıcısı kimi fəaliyyət göstərən tanınmış türkiyəli aktyor Oktay Kaynarcanın yeni layihəsi bəlli olub. “Qafqazinfo” xəbər verir ki, aktyor yeni televiziya mövsümündə “Hamal” adlı serialla yenidən tamaşaçı qarşısına çıxmağa hazırlaşır. Məlumata görə, ATV-də yayımlanacaq serialın hazırlıq işlərinə artıq başlanılıb. Oktay Kaynarca layihədə təkcə baş rol ifaçısı kimi deyil, həm də prodüser qismində iştirak edəcək. Serialın rejissoru Mustafa Şevki Doğan olacaq. Ssenari isə Kerem Deren, Çisil Hazal Tenim və Bilge Kurban tərəfindən qələmə alınır. Hazırda aktyor heyətinin formalaşdırılması istiqamətində danışıqlar davam edir və yaxın vaxtlarda layihəyə qoşulacaq digər aktyorların adlarının açıqlanacağı gözlənilir. “Hamal” serialının sentyabr ayında yeni televiziya mövsümü ilə birlikdə efirə çıxması planlaşdırılır. Qeyd edək ki, Oktay Kaynarca sonuncu dəfə “Ben bu cahana sığmazam” serialında rol alıb. Bundan əvvəl isə uzun illər böyük izləyici auditoriyası qazanan “Eşkiya Dünyaya Hükümdar Olmaz” serialının baş qəhrəmanı olub. Həmin layihənin 2021-ci ildə gözlənilmədən final etməsindən sonra Kaynarca serialın başqa kanalda davam etməyəcəyini açıqlamışdı.

Şərh verin