"Yox" deməyi öyrənməyin yolları

Siz də yanlış olduğunu bildiyiniz bir söz, qərar və ya vəziyyət qarşısında səssiz qalmağı seçənlərdiniz? Çox vaxt bu addım təhlükəsiz bir yol kimi görünsə də, əslində bunun nəticəsi olduqca ağır ola bilər. Milli.Az xəbər verir ki, Nyu-Yorkun Kornell Universitetinin akademiki və korporativ psixoloqu Sunita Sahın araşdırmalarına əsaslanan bu məqalə, "yox" deyə bilməməyin psixoloji və sosial fəsadlarını təhlil edir, eyni zamanda kütləyə kor-koranə uyğunlaşmaq yerinə etiraz etməyi öyrənməyin yollarını göstərir. Gündəlik həyatda çoxumuza tanış olan mənzərə: İşçi qrupunuz səhv olduğunu bildiyiniz bir qərara doğru irəliləyir, lakin hamı razı göründüyü üçün susursunuz. Həkim şübhə doğuran müalicə metodu təklif edir, sual vermək yerinə başınızı sallayıb razılaşırsınız. Bu düşüncə beynimizdən o qədər sürətlə keçir ki, fərqinə belə varmırıq: "Danışsam, gərginlik yaranacaq, kiminsə xətrinə dəyəcəyəm". Halbuki kütləyə uyğunlaşmaq həmişə daha asan gəlir. Psixoloq Sunita Sah özünün "Defy: The Power of No in a World That Demands Yes" (2025) adlı kitabında bu vəziyyəti "şüurlu uyğunlaşma" adlandırır: Yəni siz aldadıldığınız üçün deyil, sadəcə o anki narahatlıqdan qaçmaq üçün şüurlu şəkildə susmağı seçirsiniz. Etiraz etməyin qısamüddətli zərərləri anlıq və göz qabağındadır: gərgin bir söhbət və ya münasibətlərdə müvəqqəti soyuqluq. Lakin susmağın bədəli uzunmüddətli və dərindir: daxildə böyüyən inciklik hissi, zamanla yox olan özünəhörmət və başqalarının istəklərinə görə formalaşan bir həyat. Öz real reaksiyalarımızı boğmaq bizi stressə, həyəcana və depressiyaya qarşı müdafiəsiz qoyur. "Yox" deməyi və dəyərlərinizi qorumağı öyrənmək üçün mütəxəssis 4 əsas addımı təklif edir: 1. Susmağınızın sizə nəyə başa gəldiyini hesablayın Bir həftə ərzində içinizə sinmədiyi halda "bəli" dediyiniz və ya etiraz etməyib səssiz qaldığınız məqamları qeyd edin. Hər dəfə özünüzə sual verin: Bu dəfə susmaqla nəyi itirdim? Zamanımı, enerjimi, yoxsa öz güvənimi? Həftənin sonunda bu qeydlərə baxaraq hansı vəziyyətlərdə daha çox susduğunuzu analiz edin. 2. Təhlükəsizlik ilə sadə narahatlığı bir-birindən ayırın Səssizliyə qapanmağımızın əsas səbəbi anlıq narahatlıq hissi ilə real təhlükəni bir-birinə qarışdırmağımızdır: Real təhlükə: İşinizi itirmək, fiziki və ya hüquqi təhdidlə üzləşməkdir. Bu vəziyyətlər ciddi strateji hazırlıq tələb edir. Sadə narahatlıq: Utanmaq, günahkarlıq hissi və ya qarşı tərəfi anlıq məyus etmək qorxusudur. Bu hisslər insana pis təsir etsə də, heç bir daimi zərər vurmur. Qorxularımızın böyük hissəsi real təhlükə deyil, sadəcə keçici narahatlıqdır. 3. Gələcəkdəki itkilərinizi göz önünə gətirin Bir məsələyə etiraz edib-etməmək arasında qaldıqda özünüzə sual verin: "İndi sussam, bunun mənə 6 ay, 1 il və ya 5 il sonra nə qədər ziyanı dəyəcək?". Bu gedişlə bu gün edilən çətin bir söhbət, illərlə sürəcək peşmançılığın qarşısını ala bilər. 4. Kiçik və aşağı riskli addımlarla başlayın "Yox" demək bir vərdişdir və idman zalındakı əzələlər kimi məşq etdirilməlidir. İtkisi ən az olan situasiyalardan başlayın: Harada yemək yeyəcəyinizi soruşduqda "fərq etməz" demək yerinə öz seçiminizi bildirin. Yığıncaqlarda fərqli düşünürsünüzsə, bunu nəzakətlə ifadə edin: "Kobud şəkildə 'Razı deyiləm' demək yerinə, 'Mən bir az fərqli düşünürəm, öz baxış bucağımı bölüşə bilərəm?' ifadəsindən istifadə edin". Etiraz etməyin özü kiməsə qarşı hücum deyil, öz şəxsi dəyərlərinizi, zamanınızı və mənliyinizi qorumaq aktıdır. Söyləmədiyiniz hər "yox", daxili dünyanızla xarici davranışlarınız arasındakı uçurumu daha da böyüdür. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)