İyunun 21-i saat 15:00-dək vaxt verildi: Liseylərə qəbul üzrə qeydiyyat uzadılıb

Lisey və gimnaziyalara qəbul üzrə qeydiyyat müddəti uzadılıb. Azərbaycan Respublikasının Təhsil İnstitutunun Mətbuat Xidmətinin məlumatına görə, çoxsaylı müraciətlər nəzərə alınaraq qeydiyyat prosesi 21 iyun saat 15:00-dək davam edəcək. Valideynlər və ya qanuni nümayəndələr şəxsi kabinetlərinə daxil olaraq "Sorğu yerləşdir" bölməsindən "Mərkəzi imtahanla qəbul" bölməsini seçməli, daha sonra imtahan mərkəzini və tələb olunan məlumatları təsdiqləməlidirlər. Qeyd edilib ki, lisey və gimnaziyalara qəbul yalnız ildə bir dəfə, tədris ili başlamazdan əvvəl "Şagirdlərin elektron yerdəyişməsi" (sy.edu.az) sistemi vasitəsilə qeydiyyatdan keçmiş və imtahan hüququ qazanmış şagirdlər üçün təşkil olunur. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)