DİM bu gün Azərbaycan dili üzrə ikinci şans imtahanı keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 21-də Azərbaycan dili fənni üzrə test imtahanı (ikinci cəhd) keçirəcək. DİM-dən verilən məlumata görə, imtahanda ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd təqdim etmiş, lakin mayın 3-də keçirilən Azərbaycan dili imtahanında iştirak etməyən və ya "qeyri-məqbul" qiymət alan cari və əvvəlki illərin abituriyentləri iştirak edə bilərlər. Bundan başqa, buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə mayın 3-də keçirilmiş imtahanda iştirak etməyən cari ilin məzunları da bu imtahana qatılacaqlar. İmtahan Bakı və Naxçıvan şəhərlərində yerləşən 9 binada təşkil olunacaq. Bütün imtahan mərkəzlərində imtahan saat 10:00-da başlayacaq. Saat 09:45-də buraxılış prosesi başa çatacaq və bu vaxtdan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar. DİM iştirakçılara imtahana buraxılış vərəqəsində göstərilən vaxtda gəlməyi tövsiyə edir. İmtahana gələn şəxslər buraxılış vərəqəsini və şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməlidirlər. Şəxsiyyət vəsiqəsində fotoşəkli olmayan iştirakçılar isə əlavə olaraq təhsil müəssisəsi tərəfindən verilmiş, fotoşəkli yapışdırılmış və möhürlə təsdiqlənmiş arayış təqdim etməlidirlər. İmtahan iştirakçılarına ümumilikdə 30 tapşırıq təqdim olunacaq. Tapşırıqlar dinləyib-anlama, oxuyub-anlama, eləcə də dil qaydaları üzrə bilik və bacarıqların yoxlanılmasını əhatə edir. İmtahanın müddəti 1 saat 30 dəqiqə olacaq. İmtahanların təşkili üçün 9 ümumi imtahan rəhbəri, 20 imtahan rəhbəri, 145 nəzarətçi, 16 buraxılış rejimi əməkdaşı və 9 bina nümayəndəsi cəlb olunub. Qeyd edək ki, imtahanda 13 nəfər sağlamlıq imkanları məhdud abituriyent və şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb, gözdən əlilliyi müəyyən edilmiş şəxslər üçün isə fərdi nəzarətçilər təyin olunub. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin