Məsamələri sıxlaşdıran 4 effektiv dəriyə qulluq vərdişi

Güzgüyə baxanda hamar, canlı və parlaq bir dəri görməyi hamımız istəyirik. Ancaq havanın çirkliliyi, makiyaj qalıqları və dərinin təbii yağ istehsalı zaman keçdikcə məsamələrin daha çox nəzərə çarpmasına səbəb olur. Əlbəttə, məsamələri tamamilə yox etmək mümkün deyil, çünki onlar dərinin "nəfəs aldığı" kanallardır. Lakin düzgün və davamlı vərdişlərlə məsamələri daha sıx və kiçik göstərmək mümkündür. Milli.Az gündəlik rutininizə əlavə edərək fərqi hiss edəcəyiniz 4 vacib vərdişi təqdim edir: İki mərhələli təmizliyi unutmayın Məsamələrin geniş görünməsinin əsas səbəbi gün boyu içlərində yığılan yağ, çirk və makiyaj qalıqlarıdır. Dərini yalnız su ilə yumaq məsamələrin dərinliyindəki bu çirkləri təmizləmək üçün kifayət etmir. Axşamlar qulluğa əvvəlcə yağ bazlı təmizləyici ilə başlayıb, ardınca su bazlı təmizləyici gel ilə davam etmək məsamələrin dərindən təmizlənməsini və nəfəs almasını təmin edir. Bu, genişlənmənin qarşısını alan ən vacib addımdır. Salisilik turşu (BHA) ilə məsamələri dərindən təmizləyin Dərinin səthini təmizləmək qədər, məsamələrin içini təmizləmək də vacibdir. Məsamə sıxlaşdırıcı məhsullar arasında ən təsirli olanı Salisilik turşudur (BHA). Bu turşu yağda həll olduğu üçün məsamələrin içinə nüfuz edir və orada yığılan artıq yağı, ölü hüceyrələri nazikcə əridib təmizləyir. Həftədə bir neçə dəfə rutininizə əlavə edəcəyiniz BHA tərkibli tonik və ya serum dərinin çox daha hamar görünməsini təmin edər. Niasinamid ilə yağ balansını qoruyun Gün ərzində dəriniz həddindən artıq yağlanırsa, məsamələriniz bu yağı xaric etmək üçün təbii olaraq genişlənir. B3 vitamini kimi tanınan Niasinamid, yağ istehsalını tarazlamaq üçün əla vasitədir. O, dərinin artıq yağ istehsalını nəzarət altına alarkən, eyni zamanda məsamə divarlarının elastikliyini artırır. Beləliklə, məsamələrin boşalması əvəzinə daha sıx və kiçik görünməsinə kömək edir. Nəmləndirməyi unutmayın Yağlı və məsaməli dərsi olanların etdiyi ən böyük səhv, dərini həddindən artıq qurudaraq yağdan təmizləməyə çalışmaqdır. Dəri nəmsiz qaldıqda, itirdiyi nəmi bərpa etmək üçün daha çox yağ istehsal edir və bu da məsamələri daha çox nəzərə çarpdırır. Yüngül strukturlu, su bazlı və hialuron turşusu ehtiva edən nəmləndiricilər dərinin nəm baryerini qoruyur. Dəri nəmləndikdə dolğunlaşır, bu da məsamələrin optik olaraq daha kiçik görünməsinə kömək edir. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)