Narkotikin təsirində maşın sürən şəxs məsuliyyətə cəlb olundu
Narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü məsuliyyətə cəlb olunub. Milli.Az xəbər verir ki, Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti əməkdaşlarının keçirdiyi tədbirlər zamanı daha bir qayda pozuntusu aşkarlanıb. Mingəçevir şəhərində yaşayan İlyas Hüseynov idarə etdiyi "Ford" markalı avtomobildə işıqlandırma qaydalarına əməl etmədiyi üçün saxlanılıb. Yoxlama zamanı sürücünün davranışları polis əməkdaşlarında şübhə yaratdığından o, tibbi müayinəyə göndərilib. Aparılan müayinə nəticəsində onun narkotik maddə qəbul etdiyi təsdiqlənib. Toplanan materiallar əsasında məhkəmə tərəfindən İlyas Hüseynov barəsində qərar çıxarılıb və o, 15 sutka müddətinə inzibati həbs cəzası alıb. Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşməyin həm qanun pozuntusu, həm də insanların həyatı üçün ciddi təhlükə yaratdığını xatırladıb. Qurum belə halların qarşısının alınması istiqamətində tədbirlərin bundan sonra da qətiyyətlə davam etdiriləcəyini vurğulayıb. Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Şərh verin