Nazir yüksək nəticələr qazanmış FHN komandaları ilə görüşdü — Video
Bu gün fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Mərakeş Krallığının Kasablanka şəhərində keçirilmiş III Dünya Korporativ Oyunlarında ölkəmizi layiqincə təmsil edərək yüksək nəticələr göstərmiş Nazirliyin kişilərdən ibarət voleybol komandası, 3x3 basketbol yarışlarında mübarizə aparan FHN-in kişilərdən ibarət basketbol komandası və stolüstü tennis üzrə komandasının üzvləri ilə görüşüb. “Qafqazinfo” xəbər verir ki, nazir Kəmaləddin Heydərov cari ilin 5-7 iyun 2026-cı il tarixlərində Mərakeş Krallığının Kasablanka şəhərində keçirilmiş III Dünya Korporativ Oyunlarında fərqlənərək yüksək nəticələr göstərmiş Nazirliyin komandalarının üzlərini təbrik edərək onlara gələcək yarışlarda yeni-yeni nailiyyətlər arzu edib. Ölkəmizdə idmana göstərilən diqqət və qayğının Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin əsas istiqamətlərindən biri olduğunu xatırladan nazir K.Heydərov Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü mütərəqqi siyasət nəticəsində idmanın bir çox sahələrində böyük nailiyyətlər əldə olunduğunu bildirib. Bu gün Azərbaycanın bütün dünyada idman ölkəsi kimi tanındığını deyən nazir ölkəmizin idman sahəsində əldə etdiyi tarixi nailiyyətlərin əhəmiyyətindən ətraflı bəhs edib. Bu çərçivədə, nazir FHN-in idmançı-əməkdaşlarının da müxtəlif beynəlxalq yarış və turnirlərdə daim yüksək nəticələr göstərərək ölkəmizi layiqincə təmsil etdiklərini bildirib, onlara gələcək yarışlarda uğurlar arzulayıb. Xatırldaq ki, müxtəlif idman növləri üzrə 180 komandadan 1500-ə yaxın idmançının öz qüvvələrini sınadığı III Dünya Korporativ Oyunlarında Azərbaycanı təmsil edən Fövqəladə Hallar Nazirliyinin kişilərdən ibarət voleybol və 3x3 basketbol yarışlarında mübarizə aparan FHN-in kişilərdən ibarət basketbol komandaları qızıl medallara sahib olublar. Stolüstü tennis üzrə yarışda isə FHN-in əməkdaşı bürünc medala layiq görülüb.

Şərh verin