Sobada tərəvəzli "pizza" kükü resepti

Kabak, yerkökü və kartofun mükəmməl qarışığı olan bu kükü həm görünüşü ilə pizza təəssüratı yaradır, həm də çox dadlıdır. Qızartma olmadan sobada bişən bu resept həm uşaqlar üçün iştahaçıcıdır, həm də çay saatları üçün ideal seçimdir. Milli.Az lazım olan ərzaqları təqdim edir: 2 orta boy kabak, 2 kartof, 2 yerkökü, 2 yumurta, 1 stəkan un, 3 xörək qaşığı xırda doğranmış cəfəri, duz, istiot, qırmızı toz bibər, yarım çay qaşığı quru nanə, 2 xörək qaşığı zeytun yağı. Üzəri üçün: 100 qram rəndələnmiş kaşar pendiri, 2 pomidor, 1 kiçik quru soğan, 1 çay qaşığı kəklikotu, 1 xörək qaşığı zeytun yağı. Hazırlanması: Kabak, kartof və yerkökünü rəndələyin. Üzərinə duz səpib 10 dəqiqə gözləyin, sonra təmiz bir bezin içində suyunu tamamilə sıxın (bu, kükünün dağılmaması üçün vacibdir). Xəmir: Sıxılmış tərəvəzləri yumurta, un, cəfəri, zeytun yağı və ədviyyatlarla birlikdə yaxşıca qarışdırın. Hazırladığınız qarışıqdan topalar götürüb yağlı kağız sərilmiş soba lisitə düzün. Əlinizlə yastılayıb ortasında kiçik çuxurlar yaradın. Çuxurların içinə rəndələnmiş kaşar pendiri qoyun. Üzərinə nazik doğranmış pomidor və soğan dilimləri əlavə edin. Kəklikotu səpin və bir az zeytun yağı gəzdirin. Əvvəlcədən qızdırılmış 190 dərəcə sobada kənarları qızarana qədər (təxminən 30-35 dəqiqə) bişirin. Sobadan çıxardıqdan sonra 5 dəqiqə dincəlməyə qoyun ki, dağılmasın. İsti və ya ilıq halda süfrəyə verin. Tərəvəzlərin suyunu mütləq yaxşıca sıxın, yoxsa mücveriniz çox yumşaq olar və forması pozular. Əgər qarışıq çox sulu görünürsə, bir az daha un və ya suxarı əlavə edə bilərsiniz. Üzərinə zeytun, qarğıdalı və ya göbələk qoyaraq "pizza" effektini daha da artıra bilərsiniz. Yanında sarımsaqlı qatıq və ya süzmə ilə servis etmək çox ləzzətli olur. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)