Zibilləri atmaq əvəzinə 20 mərtəbəli taxta göydələn tikdilər (Foto)
Göydələn deyiləndə ağla ilk gələn polad, beton və şüşədir. Lakin davamlılıq və ekoloji memarlıq prinsipləri ilə həyata keçirilən "TRÆ" layihəsi bu ənənəni pozaraq, tullantı və ikinci əl materiallardan 20 mərtəbəli nəhəng bir göydələn inşa etdi. Milli.Az xəbər verir ki, 78 metr hündürlüyündə olan bu qüllə; ömrünü başa vurmuş külək turbini qanadlarından, sənaye dam örtüklərindən, köhnə alüminium lövhələrdən və sökülmüş binalardan yığılan pəncərələrdən inşa edilib. Bina yalnız taxtadan ibarət deyil. Dik yüklər üçün laminat taxta sütunlar, elastiklik üçün çarpaz laminat taxta (CLT) panellər, zəlzələ və yanğın təhlükəsizliyi üçün isə mərkəzdə beton özək və polad birləşmə elementləri istifadə olunub. Layihənin ən maraqlı tərəfi köhnə külək turbini qanadlarının binanın fasadında aerodinamik günəş qoruyucu panellər kimi istifadə edilməsidir. Bu üsul həm tullantıların qarşısını alıb, həm də binanın içərisinə düşən günəş istisini optimallaşdıraraq soyutma xərclərini azaldıb. Köhnə anbarların damından sökülən alüminiumlar fasadda, yıxılan binalardan toplanan pəncərələr isə ofis daxilində şəffaf arakəsmə divarlarında istifadə olunub. Ekoloji üstünlük: Layihə komandasının verdiyi məlumata görə, bu bina eyni ölçüdə inşa ediləcək standart bir beton binaya nisbətən "gizli karbon izini" 30% ilə 50% arasında azaldıb. Sement və polad istehlakını minimuma endirən bu ağıllı göydələn yaşıl şəhərsalma üçün mühüm bir dönüş nöqtəsi hesab olunur. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin