İnsan neçə dəqiqəyə yuxuya getməlidir?
Yuxuya getmək üçün sərf olunan vaxt insanın sağlamlıq vəziyyəti haqqında mühüm ipucları verə bilər. Milli.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, sağlam insanın adətən 10-20 dəqiqə ərzində yuxuya getməsi normal hesab olunur. Bu müddətin daha qısa və ya daha uzun olması isə bəzi sağlamlıq problemlərinin göstəricisi ola bilər. Davranış yönümlü yuxu təbabəti üzrə mütəxəssis Mişel Drerup bildirib ki, bir neçə dəqiqə ərzində yuxuya getmək hər zaman müsbət hal deyil. Onun sözlərinə görə, bu, orqanizmin kifayət qədər yuxu almamasının və ya altda yatan yuxu pozğunluğunun əlaməti ola bilər. Mütəxəssislər qeyd edirlər ki, gecə ərzində tövsiyə olunan 7-9 saat yuxunu almayan insanlarda gün ərzində yuxululuq, diqqət dağınıqlığı, reaksiyaların zəifləməsi və əhval dəyişikliyi kimi hallar müşahidə oluna bilər. Harvard Tibb Fakültəsi isə xroniki yuxu çatışmazlığının piylənmə, şəkərli diabet, ürək-damar xəstəlikləri və erkən ölüm riskini artırdığını vurğulayır. Digər tərəfdən, yuxuya getməyin 30 dəqiqədən çox çəkməsi də narahatlıq doğura bilər. Bu hal çox vaxt yuxusuzluq (insomniya) ilə əlaqələndirilir. Mütəxəssislərin sözlərinə görə, insomniya əsasən stressdən qaynaqlansa da, tənəffüs, həzm və sinir sistemi ilə bağlı xroniki xəstəliklərin də əlaməti ola bilər. Yuxu təbabəti üzrə həkim Xalid Almadhoun bildirib ki, narahat ayaq sindromu, yuxu apnesi, kabuslar, təşviş və depressiya da yuxuya getməkdə çətinlik yarada bilər. Onun sözlərinə görə, depressiyadan əziyyət çəkən insanların insomniya yaşamaq ehtimalı digər insanlarla müqayisədə 2-3 dəfə yüksəkdir. Mütəxəssislər yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün yatmazdan ən azı 30 dəqiqə əvvəl ekranlardan uzaq durmağı, yataq otağını sərin və qaranlıq saxlamağı, həmçinin hər gün eyni saatlarda yatıb oyanmağı tövsiyə edirlər. Qeyd olunur ki, üç ay ərzində həftədə ən azı üç gecə yuxuya getməkdə çətinlik çəkən şəxslərin həkimə müraciət etməsi tövsiyə olunur. Mütəxəssislər yuxunun sağlamlıq üçün vacib bir sərmayə olduğunu vurğulayırlar. Müəllif: Mina Mikayılova (müxbir)

Şərh verin