II Opera Günləri layihəsi çərçivəsində “Əsrlərdən gələn irs” adlı konsert proqramı təqdim olundu - (Foto)

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında II Opera Günləri layihəsi çərçivəsində "Əsrlərdən gələn irs" adlı möhtəşəm konsert proqramı təqdim olundu. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təşkilatçılığı ilə keçirilən konsertdə teatrın simfonik orkestri, xoru və solistləri çıxış edərək dünya və Azərbaycan opera sənətinin incilərindən ibarət zəngin proqramla tamaşaçıların qarşısına çıxdılar. Gecə dahi Avstriya bəstəkarı Volfqanq Amadey Motsartın "Fiqaronun toyu" operasına uvertürası ilə başladı. Əməkdar artist Əyyub Quliyevin idarə etdiyi orkestrin ifası tamaşaçıları klassik opera sənətinin ecazkar aləminə apardı. Daha sonra Motsartın "Cosi fan tutte" operasından terset Xalq artisti Əkrəm Poladov, Fəhmin Əhmədli və Mahir Tağızadənin, fortepianoda isə Daniil Kirillovun iştirakı ilə səsləndirildi. Konsert proqramında Cüzeppe Verdinin yaradıcılığı xüsusi yer tutdu. Bəstəkarın "Trubadur" operasından terset Səma Həmzəyeva, Adil Axundov və Taleh Yahyayev tərəfindən təqdim edildi. "Riqoletto" operasından məşhur kvarteti isə Əliəhməd İbrahimov, Əməkdar artist İnarə Babayeva, Əməkdar artist Anton Ferştandt və Nina Makarova uğurla ifa etdilər. Gecənin növbəti hissəsində Verdinin "Nabukko" operasına uvertüra səsləndirildi. Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə təqdim olunan əsərdən sonra Əməkdar artist Fəridə Məmmədova, Adil Axundov və Nina Makarovanın ifasında operadan terset dinləyicilərə təqdim olundu. Opera sənətinin ən parlaq nümunələrindən olan Rudjero Leonkavallonun "Payatsı" operasından Silvio və Neddanın dueti Nigar Cəfərova və Mahir Tağızadə tərəfindən səsləndirildi. Verdinin "Trubadur" operasından məşhur "Qaraçılar xoru" isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının xor kollektivi tərəfindən, Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın rəhbərliyi ilə ifa olundu. Konsertin növbəti nömrələrindən biri Jorj Bizenin "Karmen" operasından kvintet oldu. Xalq artistləri Fidan Hacıyeva və Gülnaz İsmayılova, Nina Makarova, Əliəhməd İbrahimov və Əməkdar artist Tural Ağasıyevin çıxışı tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Verdinin "Maqbet" operasından "Şotlandların xoru" da gecənin yaddaqalan nömrələri sırasında yer aldı. Daha sonra Qaetano Donisettinin "Lüçiya di Lammermur" operasından sekstet səsləndirildi. Əməkdar artist Anton Ferştandt, Aydan Quliyeva, Nina Makarova, Əməkdar artist Fərid Əliyev, Fəhmin Əhmədli və İqor Yadrovun ifasında təqdim olunan bu mürəkkəb vokal kompozisiya tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı. Konsert proqramının kulminasiya nöqtəsini Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin "Koroğlu" operasından final səhnəsi təşkil etdi. Mahir Tağızadə, Fəhmin Əhmədli, Nazim Mahmudov, Əməkdar artist Fəridə Məmmədova və Əliəhməd İbrahimovun iştirakı ilə təqdim olunan final səhnəsi tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılandı və musiqi axşamına parlaq yekun vurdu. "Əsrlərdən gələn irs" konsert proqramı dünya opera klassikası ilə Azərbaycan milli opera sənətinin ən gözəl nümunələrini bir araya gətirərək zəngin musiqi irsimizin təbliğinə xidmət etdi. II Opera Günləri çərçivəsində keçirilən bu möhtəşəm sənət tədbiri musiqisevərlərə unudulmaz anlar bəxş etdi və opera sənətinə olan marağın daha da artmasına töhfə verdi. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az