Bakıda və Abşeronda yağışlı hava davam edəcək - Proqnoz
Bakıda və Abşeron yarımadasında iyunun 27-dən 28-nə keçən gecə fasilələrlə davam edən intensiv, bəzi yerlərdə güclü yağışın səhər saatlarından etibarən tədricən dayanacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, gecə saatlarında yarımadanın bəzi ərazilərində şimşək çaxma ehtimalı var. Güclü şimal-qərb küləyinin isə axşam saatlarında zəifləyəcəyi bildirilir. Havanın temperaturu gecə 18-21°, gündüz 23-27° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 762 mm-ə yüksələcək. Nisbi rütubət gecə 80-85%, gündüz isə 55-60% təşkil edəcək. Azərbaycanın rayonlarında isə bəzi yerlərdə arabir yağış yağması və şimşək çaxması proqnozlaşdırılır. Ayrı-ayrı ərazilərdə yağıntıların leysan xarakterli intensivləşəcəyi, dolu düşəcəyi ehtimal olunur. Günün ikinci yarısında əksər rayonlarda yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər saatlarında bəzi dağlıq bölgələrdə duman müşahidə oluna bilər. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu rayonlarda gecə 16-20°, gündüz 24-29°, dağlıq ərazilərdə isə gecə 8-13°, gündüz 15-20°, bəzi yerlərdə 23-26° isti olacaq. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin