Bu gün Həsən bəy Zərdabinin doğum günüdür
Bu gün Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi Həsən bəy Zərdabinin doğum günüdür. Anadan olmasının 189-cu ildönümü tamam olan Həsən bəy Zərdabi müsəlman Şərqində ilk milli mətbuatın, xeyriyyəçilik hərəkatının və milli teatrın əsasını qoyan, eyni zamanda ilk təbiətşünas alimlərdən biri kimi böyük ehtiramla yad edilir. 1837-ci il iyunun 28-də Zərdab kəndində dünyaya gələn Zərdabi ilk təhsilini mollaxanada alıb, daha sonra Tiflisdə orta təhsilini başa vurub. Moskva Universitetini bitirdikdən sonra 1869-cu ildən Bakıda rusdilli orta məktəbdə təbiətşünaslıq fənnini tədris edib. 1873-cü ildə Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlov ilə birlikdə Mirzə Fətəli Axundzadənın "Hacı Qara" və "Lənkəran xanının vəziri" əsərlərini səhnələşdirərək Azərbaycan milli teatrının formalaşmasına mühüm töhfə verib. Həsən bəy Zərdabinin ən böyük xidmətlərindən biri isə 1875-ci il iyulun 22-də Azərbaycan dilində ilk milli qəzet olan Əkinçi qəzetini təsis etməsi olub. Qəzet cəmi iki ildən bir qədər artıq fəaliyyət göstərsə də, Azərbaycan mətbuatının təməlini qoyaraq milli jurnalistikanın inkişafında silinməz iz buraxıb. O, həmçinin 1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasında yaxından iştirak edib, sonrakı illərdə isə "Ziya", "Kəşkül", "Kaspi" və "Novoye obozreniye" qəzetlərində Azərbaycan və rus dillərində çoxsaylı elmi-publisistik məqalələrlə çıxış edib. Həsən bəy Zərdabi 1907-ci il noyabrın 28-də vəfat edib. Əvvəlcə Köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunan maarifçinin məzarı 1957-ci ildə Fəxri xiyabana köçürülüb. Bu gün də Həsən bəy Zərdabinin irsi Azərbaycan mətbuatının, maarifçiliyinin və milli düşüncə tarixinin ən mühüm sütunlarından biri kimi yaşayır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin