“Bunlar türk xalqlarının inteqrasiyasına zəmin yaradıb”
Bakıda Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində “Türk dünyası bir ailə kimi: ortaq məqsədlər naminə beynəlxalq türk əməkdaşlıq təşkilatlarının fəaliyyətləri” adlı plenar iclas keçirilib. “Qafqazinfo” xəbər verir ki, plenar iclasda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın türkologiya elminin inkişafında müstəsna rol oynadığını bildirib. Akademik qeyd edib ki, bu mənada, qurultay elmi-mədəni hadisə ilə yanaşı, ictimai-siyasi hadisə kimi tarixin yaddaşına həkk olunub: “Birinci Türkoloji Qurultayda müzakirə olunan mühüm elmi məsələlər, təşəbbüslər türk xalqlarının inteqrasiyasına zəmin yaradıb. Türk dünyası anlayışı da məhz Birinci Türkoloji Qurultayda meydana çıxmışdır. Əlbəttə, qurultaya qədər türk tarixi və mədəniyyətinə dair araşdırmalar aparılırdı, lakin bütün bunlar türkologiya adı ilə təqim olunmurdu. Birinci Türkoloji Qurultay eyni zamanda türkologiya elmini və sistemini təqdim etmişdir”. İ. Həbibbəylinin sözlərinə görə, sovet rejimi qurultayın təqdim etdiyi formatdan və türk dövlətlərinin inteqrasiyasından qorxaraq türkologiyanı sıxışdıraraq daha çox dilçilik tədqiqatlarına köklənmişdir. Akademik həmçinin bildirib ki, AMEA tabeli bir çox institutda türkoligiya şöbələri yaradılıb və bu anlayış istiqamətdə uğurla fəaliyyət göstərir. Lamiyə Məmmədova

Şərh verin