“Bünövrəni tikmədən üstünə nə qədər bahalı daş qoysanız da, bina aşacaq”
“İbtidai sinif kök bünövrədir. Siz o bünövrəni tikmədən üstünə nə qədər bahalı daş qoyursunuzsa qoyun, bina aşacaq, uşaq da dözməyəcək”. “Qafqazinfo” xəbər verir ki, bunu “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbirdə elm və təhsil naziri Emin Əmrullayev bildirib. “Biz dördüncü siniflərə baxanda görürük ki, bəzi siniflərdə 50, 60, 70 faiz uşaq var ki, minimal standarta cavab vermir. Əksər siniflər belə deyil. Amma belə siniflərin sayı beş deyil, yüzlərlədir. Bizə lazımdır ki, ibtidai təhsil güclənsin və ibtidai təhsildən gələn uşaqların hazırlığı elə olsun ki, digər müəllimlər də onlarla işləyə bilsinlər. Bu, birinci prioritetimizdir. İkinci prioritetimiz ondan ibarətdir ki, hər bir uşağın arxasınca düşüb onu izləmək lazımdır. İlk növbədə də zəif nəticə göstərən uşaqların arxasına düşmək lazımdır, yoxsa bir yerdən sonra onları geri qaytarmaq olmur. 8-ci, 9-cu sinifdə ayılanda ki, uşaq heç olmasa ibtidai sinfin məsələsini həll eləyə bilmir, ona nə siz, nə mən, nə heç kim, heç nə eləməyəcək. O, sonra bir həyat boyu bizim yanımızda yaşamalıdır. Adam 75 il, 85 il yaşayır. Həmin adam da ondan sonra bir 60 il də sizinlə bir yerdə yaşayacaq. Hər il belə adamların sayı 20 min, 30 min, 40 min olanda, siz başa düşməlisiniz ki, sizin, bizim cəmiyyətə buraxdığımız məhsul nədən ibarətdir və onun hansı təzahürləri olacaq”. Gülnar Əliyeva

Şərh verin