Velosipedçini “Prius”la vurub öldürənə bu cəza verildi

Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi törətmiş 2002-ci il təvəllüdlü Cavid Səfərlinin məhkəməsi keçirilib. “Qafqazinfo”nun məlumatına görə, Göyşaban kəndi ərazisində “Toyota Prius” markalı avtomobillə velosipedlə hərəkət edən Yuxarı Nüvədi kənd sakini 1976-cı il təvəllüdlü Rasim Cəbrayıl oğlu Teymurovu vurub öldürən gəncə hökm oxunub. Bildirilib ki, R.Teymurov Lənkəranda özəl şirkətlərin birində mühafizəçi işləyirmiş və işə velosipedlə gedib-gəlirmiş. Hadisə də həmin zaman baş verib. Lənkəran Rayon Məhkəməsi C.Səfərlini Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə təqsirli bilib. Ona 2 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il müddətə azadlıqdan məhrumetmə cəzası verilib. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd edilib.