Avtomobil almaq istəyənlər üçün yeni fürsət: Maşınlar ucuzlaşdı

Hazırda bazarda fərdi qaydada ölkəyə gətirilən, rəsmi zəmanət və servis xidməti olmayan bəzi avtomobillər ötən illə müqayisədə daha aşağı qiymətə satılır. Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) İdarə Heyətinin sədri Eyyub Əliyev deyib. Onun sözlərinə görə, əvvəllər qısa müddətdə satılan avtomobillər indi aylarla alıcı gözləyir və bu da satıcıları qiymət endirimlərinə məcbur edir. Eyyub Əliyev bildirib ki, bunun əsas səbəbi ötən ilin sonunda güzəştlər bitməzdən əvvəl bazara normadan artıq avtomobil idxal edilməsidir. Həmin nəqliyyat vasitələrinin bir hissəsi hələ də satılmayıb. O əlavə edib ki, rəsmi dilerlərin təklif etdiyi zəmanətli avtomobillərin qiymətində artım yoxdur, əksinə, müxtəlif endirim kampaniyaları davam edir. İkinci əl bazarında isə ciddi canlanma müşahidə edilmir. Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)