Rafael Ağayev: "UFC-də döyüş keçirib karyeramı bitirmək arzumdur"

5 qat dünya və 11 qat Avropa çempionu, "karatenin brilliantı"ı Rafael Ağayev maraqlı etirafı ilə diqqət çəkib. Milli.Az xəbər verir ki, təcrübəli karateçi bildirib ki, güləş onun ən güclü tərəfi olmasa da, karateçilər arasında bu komponent üzrə özünü yaxşı idmançılardan biri hesab edir. Rafael Ağayev qeyd edib ki, indiyədək heç vaxt peşəkar şəkildə güləşlə məşğul olmayıb. Bununla belə, qarışıq döyüş növlərinə maraq göstərdiyini və gələcək planları arasında UFC-də döyüşmək arzusunun olduğunu açıqlayıb. İdmançının sözlərinə görə, UFC-də çox yüksək səviyyəli döyüşçülər çıxış edir. O hesab edir ki, kifayət qədər hazırlaşacağı təqdirdə, özünə uyğun rəqiblə bir qarşılaşma keçirə bilər. 41 yaşında olmasına baxmayaraq, Rafael Ağayev karyerasını məhz UFC-də bir döyüşlə başa vurmağı arzuladığını bildirib. Onun bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər əfsanəvi karateçinin bu arzusunu dəstəkləyərək onun UFC-də çıxışını görmək istədiklərini yazıblar. Digərləri isə bu yaşda belə iddialı hədəf müəyyənləşdirməsini yüksək qiymətləndiriblər. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)