Gülnarə Xəlilovanın yeni kolleksiyası "Xalça Muzeyi Fashion Show: Zamanın naxışları" layihəsi çərçivəsində təqdim olunub - (Foto)
Azərbaycan Milli Xalça Muzeyində "Xalça Muzeyi Fashion Show: Zamanın naxışları" layihəsi çərçivəsində Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etno-dizaynerlər Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru və Cizgi brendinin yaradıcısı Gülnarə Xəlilovanın yeni kolleksiyasının nümayişi keçirilib. Kolleksiya 2014-cü ildə hazırlanmış və daha əvvəl beynəlxalq podiumlarda təqdim olunmuş "Xalçaların dili" layihəsinin davamı kimi yaradılıb. O, prêt-à-porter xəttinə daxil edilib. "Yaradıcılığım vasitəsilə hər zaman Azərbaycan mədəniyyətini, milli kimliyimizi və tariximizi təbliğ etməyə çalışıram. Mənim üçün irsimizi müasir bədii dillə təqdim edən kolleksiyalar yaratmaq xüsusi əhəmiyyət daşıyır. Yeni kolleksiyada Azərbaycanın müxtəlif bölgələrinin motivləri öz əksini tapıb. Parçalar, siluetlər, dekorativ elementlər və ornamentlərin müəllif interpretasiyası vasitəsilə ölkəmizin mədəni müxtəlifliyini vahid bədii məkan kimi göstərməyə çalışmışıq", - deyə dizayner bildirib. "Xalça Muzeyi Fashion Show: Zamanın naxışları" layihəsinin əsas ilham mənbələrindən biri bu il anadan olmasının 120 illiyi qeyd edilən görkəmli Azərbaycan alimi, rəssamı və xalça sənəti tədqiqatçısı Lətif Kərimovun yaradıcılıq irsi olub. Layihə xalçaçılıq sənəti ilə müasir modanı bir araya gətirərək Azərbaycanın milli-mədəni irsini müasir dizayn interpretasiyaları vasitəsilə təqdim edib. Ölkənin tanınmış və gənc modelyerləri geyim kolleksiyalarında xalça kompozisiyalarının motivlərini, rəng həllərini və bədii prinsipləri əks etdiriblər. Layihənin məqsədi Azərbaycan xalçaçılıq sənətinin təbliği, mədəni irsin qorunması və onun müasir təqdimat formaları vasitəsilə gələcək nəsillərə ötürülməsi olub.

Şərh verin