Nizamidə Polisi Günü qeyd olundu — Fotolar

Nizami rayonunda 2 İyul – Azərbaycan Polisi Gününün 108-ci ildönümü münasibətilə tədbir keçirilib. “Qafqazinfo” xəbər verir ki, tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Nizami Rayon Polis İdarəsinin inzibati binasında Azərbaycan Polisinin keçdiyi tarixi inkişaf yolundan və asayişin qorunmasındakı fədakar xidmətindən bəhs edən videoçarx nümayiş olunub. Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Nizami Rayon Polis İdarəsinin rəisi Ziya Əliyev, Nizami rayon prokuroru Pərviz İbayev və Nizami Rayon Məhkəməsinin sədri İlham Kərimli tədbirdə çıxış edərək polis kollektivini peşə bayramı münasibətilə təbrik edib, 108 il şərəfli yol keçmiş Azərbaycan Polisinin əldə etdiyi uğurlardan, ictimai asayişin və qanunçuluğun qorunmasında, eləcə cinayətkarlığa qarşı mübarizədə daxili işlər orqanlarının müstəsna xidmətlərindən danışıb, həmçinin rayonda sabitliyin təmin olunmasında polisin hər zaman əvəzsiz rol oynadığını önə çəkiblər. Qeyd olunub ki, Azərbaycan polisinin formalaşdırılmasında və inkişafında Ulu Öndər Heydər Əliyevin xüsusi xidmətləri vardır. Məhz Ulu Öndərin rəhbərliyi dövründə Daxili İşlər orqanlarında ciddi islahatlar aparılıb, peşəkar kadr potensialı formalaşdırılıb, xidmət intizamı gücləndirilib və milli ruhda yetişən polis əməkdaşlarının sayı artıb. Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmana əsasən iyulun 2-si Azərbaycan Polisi Günü elan edilib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Daxili İşlər orqanlarının fəaliyyəti yeni inkişaf mərhələsinə qədəm qoyub, Daxili İşlər Nazirliyində genişmiqyaslı modernləşmə həyata keçirilib, maddi-texniki baza gücləndirilib, polis ən müasir avadanlıqlarla təmin olunub, elektron xidmətlər genişləndirilib. Bu addımlar vətəndaş məmnunluğunun artırılmasına, şəffaflığın və operativliyin yüksəldilməsinə mühüm töhfə verib. Bu gün Azərbaycan polisi müasir çağırışlara uyğun fəaliyyət göstərən, beynəlxalq standartlara cavab verən, peşəkar və mərkəzləşdirilmiş hüquq-mühafizə sistemi kimi fəaliyyətini davam etdirir. Cinayətkarlıqla mübarizə, kibertəhlükəsizliyin təmin olunması, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının qorunması Daxili İşlər orqanlarının əsas fəaliyyət istiqamətlərindəndir. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları bundan sonra da vətənə və xalqa şərəflə xidmət edəcək, bu yolda bütün qüvvə və bacarığını əsirgəməyəcəkdir. Tədbirin sonunda rayonun ictimai asayişinin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə və xidməti fəaliyyətində fərqlənən bir qrup polis əməkdaşına Nizami Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Fəxri Fərman təqdim edilib.