Yulian Naqelsmann istefa verdi

Almaniya yığmasının baş məşqçisi Yulian Naqelsmann DÇ-2026-da komandanın mübarizəni erkən başa vurmasından sonra vəzifəsindən istefa verib. Milli.Az xəbər verir ki,  Almaniya millisinin 1/16 final mərhələsində Paraqvaya 1:1 hesablı oyundan sonra penaltilər seriyasında 3:4 hesabı ilə uduzaraq turnirlə vidalaşmasının ardından 38 yaşlı mütəxəssis əvvəlcə komandada qalmağa hazır olduğunu bildirsə də, sonradan postunu tərk etmək qərarı verib. Hazırda Almaniya yığmasının baş məşqçi vəzifəsinə əsas namizəd kimi Yurgen Klopp göstərilir. Onun milli komandaya rəhbərlik edə biləcəyi ilə bağlı iddialar Almaniya mətbuatında geniş müzakirə olunur. Qeyd edək ki, Yulian Naqelsmann 2023-cü ildən Almaniya millisini çalışdırırdı. O, məşqçilik karyerası ərzində "Bavariya", "Leyptsiq" və "Hoffenhaym" klublarında da baş məşqçi kimi fəaliyyət göstərib. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)