Yasamalda partlayış olan evdən görüntülər: 4 nəfərə satılıbmış... - Yenilənib - (Fotolar)
Bakıda evdə baş verən partlayışın təfərrüatı məlum olub. Milli.Az oxu.az -a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, Ümid Ələkbərov küçəsindəki ikimərtəbəli evdə baş verib. İlkin ehtimala görə, partlayışa səbəb qaz sızması olub. İkimərtəbəli ev bir nəfərə məxsus olsa da, bir müddət əvvəl evi 4 ailəyə satıblar. Partlayış baş verən mənzildə ölən və xəsarət alanlar isə bir ailənin üzvləri olublar. Evdə ana və 3 övladı yaşayırmış. Ailə bir ay əvvəl evə köçübmüş. Partlayış baş verən zaman ailə üzvləri yatmış vəziyyətdə olublar. Partlayış nəticəsində 4 nəfərin hamısı dağıntılar altında qalıb. Onlardan 3 nəfəri sağ çıxarılsa da, bir nəfər aldığı xəsarətlərdən dünyasını dəyişib. xxx Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən yaşayış evində partlayış baş verib. Milli.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, partlayış ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsində qeydə alınıb. Yanğın nəticəsində ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 250kv.m. olan evin birinci mərtəbəsində yerləşən iki otağın yanar konstruksiyaları 50kv.m. sahədə yanıb. Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, xilasedicilər tərəfindən 2010-cu il təvəllüdlü vətəndaşın meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Şərh verin