Göyərtilər necə saxlanılır: Keşniş, cəfəri, şüyüd və nanənin saxlanma qaydaları

Mətbəxdə göyərtilərin təzəliyini uzun müddət qorumaq hər kəsin maraqlandığı mövzudur. Cəfəri, keşniş, şüyüd və nanəni ilk günkü kimi təzə saxlamaq üçün doğru üsulları tətbiq etmək, düzgün qablardan istifadə etmək və soyuducuda doğru yeri seçmək kifayətdir. Milli.Az xəbər verir ki, hər göyərtinin yarpaq quruluşu və nəm tələbatı fərqli olsa da, ortaq cəhətlər bunlardır: artıq nəm uzaqlaşdırılmalı, hava dövriyyəsi tamamilə kəsilməməli və uyğun qablarda saxlanılmalıdır. Keşniş: Saralmış və ya xarab olmuş yarpaqları təmizləyin. Yuyulubsa, salat qurutucusu və ya təmiz bir mətbəx dəsmalı ilə suyunu yaxşıca qurudun. İçi kağız dəsmalla örtülmüş bir qaba yerləşdirin. Kağız dəsmal artıq nəmi çəkərək yarpaqların canlı qalmasını təmin edir. Qabın ağzını tamamilə hermetik bağlamamaq (hava almasına imkan vermək) daha yaxşıdır. Kağız dəsmalı vaxtaşırı dəyişmək faydalıdır. Cəfəri: Təmizlənib qurudulmuş cəfərini kağız dəsmalla birlikdə qaba qoyun. Digər bir üsul isə şüşə bankadır. Cəfərinin gövdə hissəsi aşağıda qalacaq şəkildə təmiz şüşə bankaya yerləşdirin. Bankaya çox az su qoya bilərsiniz (sapları batacaq qədər). Uzun müddət saxlamaq istəyirsinizsə, cəfərini xırda doğrayıb dondurucu paketlərinə və ya kiçik qablara hissələrlə qoyaraq dondurucuda saxlayın. Beləcə, hər dəfə lazım olan miqdar qədər istifadə edə bilərsiniz. Şüyüd nazik yarpaqlı olduğu üçün çox həssasdır, əzilməməsinə çalışın. Təmizlənib qurudulmuş şüyüdü kağız dəsmal ilə birlikdə qaba qoyun. Qabı çox doldurmayın ki, hava dövriyyəsi rahat olsun. Şüyüdü də xırda doğrayıb porsiyalara bölərək dondurucuda saxlaya bilərsiniz. Bu üsul, xüsusilə bişirilən yeməklərdə çox praktikdir. Nanəni saxlayarkən yarpaqların tamamilə quru olmasına diqqət yetirin. Kağız dəsmal ilə qabda və ya təmiz şüşə bankada saxlaya bilərsiniz. Nanəni də kiçik porsiyalarla dondurucuda saxlamaq olar. Bu, nanəni ilin istənilən vaxtı tər-təmiz istifadə etməyə imkan verir. Əzilməməsinə xüsusi diqqət yetirin. Göyərtiləri saxlamaq üçün ən uyğun yer soyuducunun tərəvəz yeşiyidir. Bura nəmlik səviyyəsini daha tarazlı saxlayır. Göyərtiləri saxlayarkən əsas məqsəd doğru nəm balansını qorumaq, onları təmiz və quru saxlamaqdır. Mütəmadi olaraq göyərtiləri yoxlayın, xarab olmağa başlayan yarpaqları kənarlaşdırın və nəmlənmiş kağız dəsmalları dəyişin. Bu kiçik addımlar göyərtilərin istifadə müddətini xeyli uzadacaq. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)