Maykl Ceksonun ölümü ilə bağlı yeni iddia
Tanınmış amerikalı müğənni Maykl Ceksonun istifadə etdiyi dərmanın dozasını şəxsi həkiminin xəbəri olmadan artırdığı üçün öldüyü iddia olunub. Milli.Az APA -ya istinadən bildirir ki, bu barədə "Radar Online" portalı məlumat yayıb. Portalın məlumatına görə, ağrılarını yüngülləşdirmək istəyən Cekson gizli şəkildə dərmanın dozasını artıraraq qəbul edib. Bu da onun vaxtsız ölümünə səbəb olub və nəticədə məsuliyyət şəxsi həkimi Konrad Mürreyin üzərinə düşüb. Portal xatırladır ki, ölümündən əvvəl Cekson qarşıdakı konsertlər səbəbindən ciddi stress keçirib, səhhətində problemlər yaşanıb və təxminən 400 milyon dollar borcu olub. Ekspertlərin və adı açıqlanmayan mənbələrin iddiasına görə, müğənni öldüyü gecə yuxudan oyanaraq, həkim Konrad Mürrey yanında olmadığı üçün özü damcı sistemi vasitəsilə dərmanın əlavə dozasını qəbul edib və ya yeni flakonu açaraq preparatdan istifadə edib. Məhz bu addımı həkimin xəbəri olmadan atdığı bildirilir. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin