Dövlət Statistika Komitəsi turizmə dair seçmə statistik müşahidələrə tələbələri cəlb edib - (Foto)

Dövlət Statistika Komitəsi turizmə dair seçmə statistik müşahidələri davam etdirir. Milli.Az xəbər verir ki, bu ildən müşahidələrin aparılmasına müxtəlif ali təhsil müəssisələrinin tələbələri də cəlb olunublar. Onlar Komitənin mütəxəssisləri ilə birlikdə turizmə dair seçmə statistik müşahidələrin aparılmasında iştirak edirlər. Sorğular Heydər Əliyev Beynəlxalq Hava Limanında ölkəmizə səfər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər arasında keçirilir. Sorğuların məqsədi respondentlərin səfər məqsədi, qalma müddəti, yerləşmə vasitələri, səfər zamanı çəkilən xərclər və digər göstəricilər üzrə rəsmi statistik məlumatların hazırlanması üçün zəruri məlumatların toplanmasıdır. Sorğuları həyata keçirən sayıcılar əvvəlcədən müvafiq təlim keçiblər. Təlim proqramı statistik müşahidələrin aparılması metodologiyasını, respondentlərlə ünsiyyət qaydalarını və etik davranış prinsiplərini əhatə edib. Bununla yanaşı, tələbələrin statistik müşahidələrə cəlb olunması gənc mütəxəssislərin rəsmi statistika sahəsində praktiki bilik və bacarıqlarının artırılmasına, habelə statistik fəaliyyət üzrə peşəkar kadr hazırlığının formalaşdırılmasına şərait yaradır. Qeyd edək ki, toplanan məlumatlar yalnız statistik məqsədlərlə istifadə olunur, fərdi məlumatların məxfiliyi isə qanunvericiliyin tələblərinə uyğun olaraq qorunur. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)