Bu yazının qəhrəmanı sabah öləcək...

Dünən bir ailə dənizə qurban gedib, ancaq bu gün mən bu barədə yazmayacağam. Bu yazını sabah xəbər portallarında öz daimi yerini alacaq növbəti xəbər haqqında – “Bir nəfər daha dənizdə boğuldu” başlığı ilə qarşımıza çıxacaq, adını hələ bilmədiyimiz, üzünü görmədiyimiz o naməlum insan haqqında yazıram. Onun harada yaşadığını, neçə yaşında olduğunu, evdə onu kimin gözlədiyini bilmirik. Bildiyimiz, əmin olduğumuz tək şey o xəbəri mütləq oxuyacağımızdır. Sabah dənizdə boğulacaq insan bəlkə indi haradasa dostları ilə çay içir, ya da sabahkı çimərlik planı üçün çantasını hazırlayır. Bilmir ki, dəniz onun üçün artıq geri sayıma başlayıb. Dəniz heç kimi qəfil öldürmür. O, əvvəlcə ayaqlarınızın altından qumu çəkir, sonsuz bir sakitlik illüziyası yaradır və bizi yavaş-yavaş, hiss etdirmədən sahildən uzaqlaşdırır. O zaman ayılırıq ki, sahil gözümüzün qabağındadır, sahildəki insanlar, rənglər, həyat hələ də əl çatacaq qədər yaxındır. Ancaq qollarımız bizi ora aparacaq qədər doğma deyil artıq. Biz bütün instinktimizlə sahilə, doğmalarımıza doğru qaçmağa çalışsaq da, dəniz səssiz və amansız bir sükutla bizi geriyə — qaranlığa doğru çəkir. Bir müddət sonra qollar yorulur, nəfəs qısalır, çarəsizlik panikanı əvəz edir. Bizim coğrafiyanın qəribə, qaranlıq bir taleyi var. Fəsilləri havanın temperaturundan yox, evlərə girən bədbəxtliyin növündən tanıyırıq. Diqqət edin: qışda dəm qazından boğulma xəbərlərinin qorxunc estafetini, yay gələn kimi dənizdə, sularda boğulma xəbərləri təhvil alır. Fəsil dəyişir, temperatur dəyişir, bəhanələr dəyişir, amma insanın boğularaq ölməsi — o son nəfəsdəki çarəsiz çırpıntısı dəyişmir. Hər yay sosial şəbəkə müstəntiqləri eyni sualları tirajlayır: “Niyə qadağan olunmuş yerdə çimirdi?”, “Niyə özünü təhlükəyə atdı?” Bu sualların hamısı qurbanı ittiham edib vicdanı rahatlatmaq laylasıdır. Çünki məsələ yalnız fərdin cəsarəti olsaydı, ölüm hər il eyni nöqtələrdə eyni ssenari ilə gəlməzdi. Deməli, Xəzər bizi sadəcə “udmur”, biz onun coğrafi savadsızlığımız üçün kəsdiyi cərimələri canımızla ödəyirik. Məsələyə emosiyadan yox, suyun xəyanətkar fizikasından baxanda qarşımıza “rip axını” dediyimiz gizli qatil çıxır. Rip axını — sahilə gələn suyun geri qayıtmaq üçün tapdığı dar, görünməz “qanlı” dəhlizdir. Ən böyük tələsi də elə bədiiliyindədir: dalğaların ən çox köpükləndiyi, səs saldığı yer təhlükəsiz, ən sakit, dümdüz göründüyü o bir neçə metrlik koridor isə ölümün mərkəzidir. İnsan instinkti onu dalğalı xaosdan qaçırıb sakit suyun qucağına itələyir və tələ məhz orada bağlanır. İnsanı dənizdən çox, öz doğma instinkti öldürür. Çünki can hayında olan hər kəs sahilə tərəf, dənizin geriçəkən divarına qarşı düzünə üzür. Qollar saniyələr içində yorulur, ciyərlər sönür. Halbuki xilasın yolu sahilə tərəf yox, sahilə paralel, dənizin soluna və ya sağına bir neçə metr qaçmaqdır. Dəniz kənarında doğulan, böyüyən, ömrünü bu sahillərə verən bir nəslə bu bəsit, saniyəlik instinkt öyrədilməyib. Biz uşaqlarımızı imtahanlara hazırlayırıq, amma həyata hazırlamağı unuduruq. Sonra da məsuliyyəti qumun içinə batırılmış paslı bir dəmir lövhə ilə ört-basdır edirik: “Çimmək qadağandır”. Bu iki kəlməlik yazı insanı qorumaq üçün yox, faciədən sonra aidiyyəti qurumların geyindiyi hüquqi zirehdir: “Biz demişdik, özü batdı”. Yaxşı, bəs sabah adını eşidəcəyimiz o naməlum insan niyə o qadağan olunmuş, xilasedicisiz, vəhşi qayalıqlara qaçacaq? Cavab sadədir: biz ona təhlükəsiz alternativlər təklif edə bilmirik, sahilləri idarə etmək əvəzinə sadəcə qadağan edirik. Amma dənizi qadağan etmək, insan instinktini həbs etmək qeyri-mümkündür. Çözüm paslı lövhələri çoxaltmaqda yox, dəniz kənarında böyüyən bu nəslə uşaqlıqdan suda sağ qalmağı öyrətməkdə, sahilləri dronlarla, rəngli bayraq sistemləri və peşəkar xilasedicilərlə təhlükəsiz etməkdədir. Müasir dünya bu dalğaları qadağalarla yox, elmlə və ağıllı idarəetmə ilə ram edir. Xəzər qəddar deyil, o, sadəcə milyon illərdir öz fiziki qanunları ilə dalğalanır. Qəddar olan — o qanunları insanına vaxtında öyrətməyən və hər yay eyni yasların təkrarlanmasına buz kimi alışan laqeydliyimizdir. Sabah xəbər portallarında adını oxuyacağımız o naməlum insanı xilas etmək bu gün atacağımız sistemli addımların əlindədir. Nərmin Dadaşova Xüsusi olaraq “Qafqazinfo” üçün