Niyam: "Bacım elə mesaj yazdı ki, saçımı qırxdırdım"
Müğənni Niyam Salami efirdə səsləndirdiyi səmimi etirafı ilə diqqət çəkib. Milli.Az xəbər verir ki, sənətçi "İncə səhər" verilişində qonaq olarkən bildirib ki, görünüşündə etdiyi dəyişikliyin əsas səbəbi bacısının ona yazdığı mesaj olub. Niyam Salami deyib ki, Masallının Ərkivan kəndində böyüyüb və haradan gəldiyini heç vaxt unutmayıb. Onun sözlərinə görə, necə geyinməsindən asılı olmayaraq, öz dəyərlərinə sadiq qalmağa çalışır. İfaçı etiraf edib ki, saçındakı seyrəklik səbəbindən uzun müddət tərəddüd etsə də, bacısının tənbehindən sonra saçını qısaltmaq qərarına gəlib. Müğənni bildirib ki, bacısı ondan saçını kəsdirməsini istəyib. O isə ailəsinin fikrini nəzərə alaraq bu istəyi yerinə yetirib və 12 il əvvəl saç əkdirdiyi həkimə yenidən müraciət edərək başının ön hissəsinə saç əkdirib: "Hökümə bacım mənə elə bir mesaj yazdı ki, ancaq o məni elə tənbeh edə bilərdi. Əvvəl pis oldum. Dedi ki, "bilmirəm müğənnisən, nəsən, amma saçını qırxdır". Başa saldım ki, saçımda seyrəklik var. Amma onun sözünə görə bunu etməli idim. Kənddə yaşayır, bəlkə nəsə deyirlər, xəcalət çəkir. Bacımın başı uca olmalıdır. Qeyrət-namus ana və bacıdan başlayır. "Baş üstə" dedim və saçımı qırxdırdım. 12 il əvvəl saç əkdirdiyim həkimin yanına getdim. Başımın qabaq hissəsinə yenidən saç əkdirdim". Niyam Salami vurğulayıb ki, ailəsinin, xüsusilə də anası və bacısının onun üçün xüsusi yeri var və onların hər zaman başı uca olmasını istəyir. Onun bu açıqlaması sosial şəbəkələrdə də maraqla qarşılanıb. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin