Enerji effektivliyi fondunun vəsaiti bu istiqamətlərə xərclənəcək

Enerji effektivliyi fondunun yaradılması və fəaliyyəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. “Qafqazinfo” xəbər verir ki, bu, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, enerji effektivliyi fondunun vəsaiti bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulan tədbirlərin və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aşağıdakı xərclərinin maliyyələşdirilməsi üçün istifadə olunacaq: - enerji effektivliyi informasiya sisteminin tətbiqi, təkmilləşdirilməsi, saxlanılması, altsistemlərinin yaradılması, habelə fondun fəaliyyəti ilə bağlı əməliyyatların uçotunun aparılması məqsədilə proqram təminatının əldə edilməsi; - bu Qanunun 18-ci maddəsində nəzərdə tutulan enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində informasiya təminatı və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi. Qeyd edilib ki, qanun layihəsi Qanunun 18-ci maddəsində nəzərdə tutulan müvafiq sahədə informasiya təminatı və maairfləndirmə tədbirlərinin həyata keçirilməsinin, həmçinin fondun fəaliyyəti ilə bağlı əməliyyatların uçotunun aparılması məqsədilə proqram təminatının əldə edilməsinin Enerji effektivliyi fondunun vəsaiti hesabına maliyyələşdirilməsi məqsədilə hazırlanıb. Bununla da qeyd olunan tədbirlərin həyata keçirilməsi üçün tələb olunan maliyyə Fondun vəsaiti hesabına təmin ediləcək. Qanun layihəsi enerji səmərəliliyi sahəsində həyata keçirilən maarifləndirmə tədbirlərinin dayanıqlı və uzunmüddətli icrası üçün sabit maliyyə mexanizminin yaradılmasına, bununla da enerjidən səmərəli istifadə üzrə davranışların təşviqinə, əhalinin məlumatlılılıq səviyyəsinin genişləndirilməsinə, yeni kommunikasiya alətlərinin tətbiqinə və enerjiyə qənaət mədəniyyətinin formalaşmasına yönəldilib. Nuranə Daxilqızı