ABŞ-dən İranın neft ixracına zərbə

ABŞ administrasiyası İran neftinin istehsalı, daşınması və satışına müvəqqəti icazə verən ümumi lisenziyanı ləğv edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) yeni ümumi lisenziya yayımlayıb. Yeni qərarla iyunun 21-də verilmiş və İranın xam nefti, neft-kimya məhsulları və digər neft məhsulları ilə bağlı əməliyyatlara 60 günlük istisna tanıyan lisenziya qüvvədən düşüb. Qərara əsasən, iyulun 7-dən etibarən İranın xam nefti, neft-kimya və neft məhsullarının alınması, yüklənməsi, daşınması və satışı ilə bağlı yeni əməliyyatlara artıq icazə verilməyəcək. Bununla yanaşı, əvvəlki lisenziya çərçivəsində başlanmış əməliyyatların təhlükəsiz şəkildə başa çatdırılması və dayandırılması üçün 17 iyul tarixinədək keçid müddəti müəyyən edilib. Qeyd edək ki, OFAC ötən ay verdiyi ümumi lisenziya ilə İranın xam nefti, neft-kimya və neft məhsulları ilə bağlı istehsal, satış, daşınma və boşaltma əməliyyatlarına müvəqqəti istisna tətbiq etmişdi. Həmin lisenziya 21 avqust tarixinədək qüvvədə olmalı və əməliyyatların ABŞ dolları ilə aparılmasına da imkan verirdi.