ABŞ İranı bombaladı: 80-dən çox hədəf vuruldu
ABŞ Silahlı Qüvvələri iyulun 8-nə keçən gecə İrana qarşı yeni silsilə hava zərbələri endirib. Milli.Az APA -ya istinadən bildirir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb. Əməliyyat İranın iyulun 7-də Hörmüz boğazından keçən üç ticarət gəmisinə hücumuna cavab olaraq həyata keçirilib. Məlumata görə, ABŞ qüvvələri yüksək dəqiqlikli silahlardan istifadə etməklə İran ərazisində 80-dən çox hədəfi vurub. Zərbələr İranın hava hücumundan müdafiə sistemlərinə, komanda-idarəetmə şəbəkələrinə, sahil radar stansiyalarına, gəmi əleyhinə raket komplekslərinə, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 600-dən çox sürətli katerinə endirilib. CENTCOM bildirib ki, əməliyyatın məqsədi İranın beynəlxalq dəniz ticarətinə qarşı hücumlar həyata keçirmək imkanlarını zəiflətməkdir. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin