Azərbaycanda qanunsuz yaşayan 5 minə yaxın əcnəbi saxlanıldı
Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkədə olma, yaşama, işə cəlb olunma qaydaları və digər müvafiq inzibati hüquq pozmalarla bağlı 2026-ci ilin birinci yarımili ərzində ümumilikdə 9757 qərar qəbul edilib. Milli.Az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb. Barəsində inzibati qərar qəbul edilən əcnəbilərdən 4852 nəfəri Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı saxlanılıb. Onların ölkə ərazisində olma və yaşama hüququ verən sənədlər olmadan (qanunsuz) yaşaması, ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi və ya qeydiyyat ünvanı üzrə yaşamadığı müəyyənləşdirilib. Miqrasiya qanunvericiliyini pozan 850 əcnəbi Azərbaycan hüdudlarından kənara inzibati qaydada çıxarılıb və ölkəyə girişləri qanunla müəyyən edilmiş müddətə məhdudlaşdırılıb, digərlərinin ölkə ərazisində yaşamalarının qanuniləşdirilməsi və ya ölkəni könüllü tərk etmələri təmin olunub. Bu dövr ərzində ölkədə qanunsuz miqrasiyanın təşkilinə dair 4 hal aşkar edilib. Aparılmış araşdırmalar zamanı əcnəbilərin müxtəlif məqsədlərlə ölkə ərazisinə gətirilmələri, gəldikdən sonra onların qanunsuz yollarla ölkə ərazisində iş və müvəqqəti yaşamaq üçün icazə vəsiqələri ilə təmin edilmələri ilə bağlı cəhdlər edildiyi müəyyən olunub. Həmin hallar üzrə toplanmış sübutlar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanına göndərilib. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin