Fransada prezident seçkisində iştirak edəcək
Marin Le Pen 2027-ci il prezident seçkisində namizəd olacağını açıqladı. Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Fransanın "Milli Birlik" partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini bəyan edib. Marin Le Pen bu barədə partiyanın iclasından sonra TF1 telekanalına müsahibəsində danışıb. O, eyni zamanda Paris Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verəcəyini də açıqlayıb. Siyasətçinin sözlərinə görə, kassasiya şikayətinə baxıldığı müddətdə məhkəmə hökmünün icrası, o cümlədən elektron qolbaq taxmaq öhdəliyi müvəqqəti olaraq dayandırılacaq. "Beləliklə, seçkiqabağı kampaniyamı elektron qolbaq olmadan apara biləcəyəm", - deyə Marin Le Pen bildirib. Xatırladaq ki, iyulun 7-də Paris Apellyasiya Məhkəməsi Marin Le Penin seçkilərdə iştirakına qoyulan qadağa müddətini 15 aya endirib. Bu qərar onun 2027-ci il prezident seçkilərində namizədliyini irəli sürməsinə imkan yaradır. Bundan başqa, məhkəmə parlament köməkçiləri ilə bağlı iş üzrə Marin Le Penə verilən azadlıqdan məhrumetmə cəzasını üç ilə qədər azaldıb. Hökmdə iki il şərti cəza nəzərdə tutulur, qalan bir il ərzində isə onun elektron qolbaq taxması tələb edilir. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin