Şahzadədən boşanıb tiktokerlə evləndi — Fotolar

İordaniya kral ailəsinin üzvü, mərhum Kral Hüseyn və keçmiş Kraliça Nurun qızı Şahzadə Raiyahın həyat yoldaşı Ned Donovandan səssiz şəkildə boşandığı məlum olub. “Qafqazinfo” xəbər verir ki, cütlüyün ayrılığı Donovanın ötən həftəsonu sosial şəbəkədə tanınan kontent yaradıcısı Meqan Tomlinlə İngiltərənin Somerset bölgəsində evlənməsindən sonra üzə çıxıb. Şahzadə Raiyah və Ned Donovan 2020-ci ildə sadə mərasimlə ailə həyatı qurmuşdular. Onların nikahının nə vaxt başa çatdığı açıqlanmamış, boşanma ilə bağlı rəsmi məlumat verilməmişdi. Ned Donovan məşhur britaniyalı yazıçı Roald Dahlın nəvəsidir. O, jurnalist kimi “The Times”, “Daily Mail” və “The Spectator” nəşrlərində çalışdıqdan sonra polis xidmətinə keçib. Şahzadə Raiyah isə uzun illərdir İordaniya kral ailəsinin ən az görünən üzvlərindən biri hesab olunur və ictimai həyatdan uzaq yaşam tərzi ilə seçilir. Donovanın “TikTok”da məşhur olan Meqan Tomlin ilə evlənməsi cütlüyün münasibətlərinin artıq başa çatdığını təsdiqləyən ilk ictimai hadisədir.