“Bu, gələcəkdə korrupsiya risklərinə səbəb ola bilər”

“Layihənin tətbiqi zamanı hüquqi müəyyənliyin təmin olunması, normativ tənzimləmənin daha səmərəli həyata keçirilməsi və gələcəkdə yarana biləcək hüquqi mübahisələrin minimuma endirilməsi məqsədilə bir sıra müddəaların təkmilləşdirilməsi məqsədəuyğun olardı”. “Qafqazinfo” xəbər verir ki, bunu deputat Vasif Qafarov Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası çərçivəsində olan iclasında “Balıqçılıq haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. “Layihədə balıqçılıq sahəsində informasiya sisteminin yaradılması nəzərdə tutulsa da, həmin sistemin hüquqi statusu, digər dövlət informasiya ehtiyatları ilə inteqrasiyası, məlumatların emalı, saxlanılması və mübadiləsinin hüquqi əsasları kifayət qədər əhatə edilməyib. Hesab edirəm ki, elektron idarəetmənin səmərəliliyinin təmin olunması məqsədilə balıqovlama biletlərinin, kvotaların, akvakultura qeydiyyatının, balıqçı gəmilərinin izlənməsi üzrə məlumatların və digər inzibati prosedurların tam elektron qaydada həyata keçirilməsi, eyni zamanda sistemin aidiyyəti dövlət informasiya ehtiyatları ilə inteqrasiyası qanun səviyyəsində daha dəqiq müəyyən edilməlidir. Bu yanaşma inzibati prosedurların sadələşdirilməsinə, şəffaflığın artırılmasına və korrupsiya risklərinin minimuma endirilməsinə xidmət edəcək. Həmçinin, layihədə iqlim dəyişikliklərinin balıq ehtiyatlarına təsiri ayrıca tənzimləmə predmeti kimi nəzərdə tutulmayıb. Halbuki qlobal iqlim dəyişiklikləri su ekosistemlərinin vəziyyətinə, balıq populyasiyalarının dinamikasına və bioloji müxtəlifliyə birbaşa təsir göstərən əsas amillərdəndir. Bu baxımdan aidiyyəti dövlət orqanı tərəfindən dövri elmi qiymətləndirmələrin aparılması, iqlim dəyişikliklərinin balıq ehtiyatlarına təsirinin qiymətləndirilməsi və balıq ovu kvotalarının həmin nəticələr nəzərə alınmaqla yenidən müəyyən edilməsi barədə ayrıca hüquqi mexanizmin layihədə təsbit olunması, hesab edirəm ki, məqsədəuyğun olardı. Layihədə balıq ovu kvotalarının müəyyən olunması öz əksini tapsa da, kvotaların bölüşdürülməsi zamanı tətbiq ediləcək meyarlar, qərarların qəbul edilmə proseduru və şəffaflıq mexanizmləri kifayət qədər konkret müəyyən edilməyib. Bu isə gələcəkdə subyektiv yanaşmalara və korrupsiya risklərinə səbəb ola bilər. Bu baxımdan kvotaların açıq elektron müsabiqə əsasında bölüşdürülməsi, qiymətləndirmə meyarlarının əvvəlcədən elan edilməsi, qəbul edilən qərarların ictimaiyyət üçün əlçatan olması və həmin qərarlardan inzibati qaydada şikayət verilməsi imkanlarının qanun səviyyəsində müəyyən olunması daha məqsədəuyğun olardı”, - deputat qeyd edib. Nuranə Daxilqızı