Azərbaycana qarşı yeni təsir mexanizmləri — Avropa təsisatları ön plandadır
Azərbaycanda Qərb mərkəzlərinə bağlı olan “5-ci kalon üzvləri”ni maddi baxımdan təmin etmək, təkrarən strukturlaşdırıb aktivləşdirmək üçün yeni variantların tətbiqinə başlanılı b. “Qafqazinfo” xəbər verir ki, 2025-ci ilə qədər bu cür proseslər üçün maddi dəstək əsasən ABŞ fondlarından (NED-USAİD) ayrılıb, Avropa təsisatları üzərindən realizə edilirdisə, indi ağırlıq nöqtəsi Avropaya daşınıb. Ancaq bu, o demək deyil ki, NED və USAİD kimi təşkilatlar prosesdən kənardadırlar. Əldə edilən məlumatlara əsasən, indiki prosesin ideoloji tərəfi Fransaya bağlanır. Azərbaycanda pərakəndə düşmüş şəbəkə üzvlərini toparlamaq, strukturlaşdırmaq, prosesə hansı yeni simaları cəlb etmək və kimlərə nə qədər vəsait ayırmaq barədə qərarlar Parisdə verilir. Verilmiş qərarların icra mexanizmi, təqvim planı isə Polşada hazırlanır. Maliyyə ötürülməsi əməliyyatları üçün Skandinaviya ölkələrində (İsveç, Norveç) və Danimarkada məskunlaşmış fondlardan istifadə edilir. İdeoloji və qərarverici mərkəz qismində Paris, koordinasiyaedici mərkəz rolunda isə Varşava çıxış etsə də, vizual olaraq ön sırada donor instutlar görünür. Paris və Varşava diqqətdən yayındırılır. Hansı ki, “donor” qismində adı çəkilən təşkilatların özlərinin maliyyə büdcəsi də təməl olaraq Avropadakı hökumətlərə bağlıdır. Məsələn, SİDA (Swedish International Development Cooperation Agency) dünyanın ən böyük donor institutlarından biri olsa da, o, eyni zamanda İsveç hökumətinin beynəlxalq inkişaf agentliyidir. DANİDA (Danimarka Xarici İşlər Nazirliyinin inkişaf proqramı) və NORAD ( Norveçin inkişaf və əməkdaşlıq agentliyi ) da eyni statusdadırlar. Yəni, bu “donorlar” böyük mənada məskun olunduqları dövlətlərə və həmin dövlətlərin siyasi iradəsinə bağlıdırlar. Onlar reallıqda demokratiya, söz və ifadə azadlığı, insan haqları uğrunda deyil, bağlı olduqları hökumətlərin ayrı-ayrı ölkələrdəki maraqlarının təmin olunmasına dəstək vermək üçün fəaliyyət göstərirlər. Məlumat üçün qeyd edək ki, bu prosesə koordinasiyaedici, icraedici, həmçinin, donor qismində cəlb edilən mərkəzlər təsadüfən seçilməyiblər. Onların qeyd edilən prosesi həyata keçirmək üçün hazır mexanizmləri mövcuddur. Adını çəkdiyimiz SİDA Azərbaycanda 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində proqramlar icra edib. “İnsan hüquqları, demokratiya, media azadlığı, gender bərabərliyi” istiqamətində layihələrə “donorluq” edib. Bu baxımdan yerli auditoriyaya çıxış imkanları vardır. İsveçdə təkcə QHT və media sektorunu deyil, siyasi partiyaları da əhatə edən “donor institutlar” mövcuddur. İsveç Sosial Demokrat Hərəkatı tərəfindən yaradılmış OPİC (Olof Palme International Center) “siyasi partiyaların inkişafı, həmkarlar ittifaqları, siyasi dialoq və insan hüquqları” sahəsində fəaliyyət göstərir. Şərqi Avropa, Cənubi Qafqaz və Balkan ölkələrində bu istiqamətdə layihələr icra edib. Norveç "İnsan Haqları Evi" (Human Rights House) və NORAD ( Norveçin inkişaf və əməkdaşlıq agentliyi ) Azərbaycanda daha çox tanınırlar. 2003-cü ilin prezident seçkiləri ərəfəsində Norveç səfirinin və Norveç "İnsan Haqları Evi"nin Bakıdakı təsir agentləri tərəfindən törədilən insidentlər, yəqin ki, hər kəsin yadındadır. Səfir Steinar Gil şəxsi təsirində olan qurumlar, o cümlədən, İHE üzərindən maliyyələşdirilən QHT və KİV-lər vasitəsilə Bakıda keçirilən etiraz aksiyalarına ciddi dəstək vermiş, qalmaqal yaratmışdı. O cümlədən, İMS ( International Media Support-Danimarka) və DANİDA-nın (Danimarka Xarici İşlər Nazirliyinin inkişaf proqramı) Azərbaycan ofislərinin fəaliyyəti, skandallı hərəkətləri yaddaşlardan silinməyib. Onu da qeyd edək ki, bu təşkilatlar təkcə məskunlaşdıqları ölkələrdə deyil, bütün dünyada məşhur olan “donor institutlar”dırlar. 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində postsovet məkanında (Gürcüstan, Ermənistan, Azərbaycan, Ukrayna və sair) geniş layihələr icra ediblər. EED (Avropa Demokratiya Fondu) bu kontekstdə daha böyük imkanlara malikdir. 2013-cü ildə Avropa İttifaqına üzv dövlətlər tərəfindən yaradılmış bu təşkilatın fəaliyyət coğrafiyası əsasən Aİ-nin qonşuluq regionu-Şərq Tərəfdaşlığı ölkələridir. Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Ermənistana rəsmi giriş imkanları mövcuddur. O, Qərbi Balkanlar, Türkiyə, Yaxın Şərq, Şimali Afrika regionları ilə yanaşı, Cənubi Qafqazə da öz əhatəsinə ala bilir. İMS-nin (Danimarka), "İnsan Haqları Evi"nin (Norveç), SİDA-nın (İsveç) “törəmə orqanlarının” Azərbaycandakı müxalifət yönümlü təsisatlar, o cümlədən, “Azadlıq” qəzeti və RATİ (Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu) ilə əməkdaşlıqları 2000-ci illərin əvvəllərindən mövcud olub. Təlim auditoriyasını o dövrün müxalifətyönlü mediasından, eyni zamanda “Azadlıq” qəzetindən formalaşdırıblar. Bu gün Parisin direktivləri və Polşanın yönləndirməsi ilə Skandinaviya və Danimarka “donorları”nın yenidən Qənimət Zahid və ya Emin Hüseynov kimi şəxslərin üzərində köklənməsi təsadüfi deyil. “Azərbaycan Saatı” yutub kanalından Azərbaycana qarşı hədyanlar yağdıran Qənimət Zahid əvvəllər baş redaktoru olduğu “Azadlıq” qəzeti və üzv olduğu AXCP ilə indi Parisin “qərarverici” mərkəzləri arasındakı əlaqələri koordinasiya edir. Skandinaviya və Danimarka “donorlar”ı onun üzərindən təkcə “Azərbaycan Saatı”nı deyil, həm də “Azadlıq” qəzetinin əməkdaşlarını və AXCP-nin strukturlarını maliyyələşdirirlər. Qənimət Zahid bu prosesdə bir epizoddur. Redaksiyaları Berlinə və digər Avropa paytaxtlarına daşınmış “Abzas Media”, “Toplum TV” heyəti, o cümlədən, “Azad Söz” kanalı və digərləri də prosesin içindədir. Maliyyələşdirilirlər, təlimatlandırılırlar və Azərbaycana qarşı sərt təbliğat üçün istifadə olunurlar. Avropada məskunlaşmış “söyüş mediası”nın böyük kəsiminin bu proses çərçivəsində əhatə olunduğu barədə məlumatlar mövcuddur. Skandinaviya və Danimarka “donorları” onları təkcə maddi vəsaitlə təmin etmir, həm də beynəlxalq şəbəkələrə üzv edirlər. Məsələn, Norveç "İnsan Haqları Evi" Norveç Helsinki Komitəsi, Amnesty International Norway, Norwegian PEN və digər təşkilatların əməkdaşlıq platforması kimi formalaşıb. Sonradan onun bazasında Human Rights House Foundation beynəlxalq şəbəkəsi inkişaf edib. Çox geniş formalı xarici əlaqələrə malikdir. İndi o, Azərbaycanlı partnyorlarını da özünün təmsil olunduğu “beynəlxalq şəbəkələr”ə tərəf aparır, üzv edir və anti-Azərbaycan kampaniyalarda istifadə olunan alətlərə çevirir. Digər “donorların” da eyni formada beynəlxalq əlaqələri vardır. Bu baxımdan 2024-cü ilin fevral ayında (Azərbaycanda Prezident seçkiləri ərəfəsində) çox qısa bir müddətdə “The Baku Connection” qrupunun fəaliyyətə başlaması təsadüfi görünməməlidir. Layihə Fransada yerləşən “Forbidden Stories” tərəfindən koordinasiya olunur. Rəsmi təqdimatında deyilir ki, o, “Abzas Media” jurnalistlərinin “yarımçıq qalmış araşdırmalarını davam etdirmək məqsədi daşıyır”. Reallıq budur ki, qrup Azərbaycan barədə hədyan yazan media subyektlərini, QHT-ləri beynəlxaq platformalara çıxarır, Azərbaycana qarşı çirkin bir kampaniya aparır. Layihədə 15-dən çox media qurumu və təxminən 40 jurnalist iştirak edir. Bu şəbəkə “Abzas Media”, “Azərbaycan Saatı”, “Azad Söz” qismində söyüş ruporlarının məqalələrini “dünya miqyasına” çıxarır. Diqqət çəkən nüanslardan biri də Azərbaycanın ərazisində olan, fəaliyyətlərini buradan davam etdirən təmsilçilərlə kommunikasiyanın hansı formada qurulmasıdır. Zahirən belə görünür ki, “Abzas Media”, “Toplum TV”, “Demokratik Təşəbbüslər İnstitutu” qismində şəbəkələr ətrafında hüquqi araşdırmaların başladılmasından sonra, qanunsuz qrantlarla təmin edilən, ölkəyə qaçaqmal yolu ilə keçirilmiş pullarla bəslənən, qarşılığında anti-milli tesizlər üzrə informasiyalar uydurub xaricə ötürən şəxslərin fəaliyyətləri dondurulub. Amma müşahidələr göstərir ki, onların fəaliyyətləri dondurulmayıb, sadəcə forması dəyişdirilib. Məsələn, sosial şəbəkə hesablarında paylaşılan məlumatların birində görünür ki, 2025-ci ilin dekabr ayında “10 nəfər Azərbaycan jurnalisti” Almaniya Federal Hökumətinin və Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən layihə” çərçivəsində Berlində səfərdə olublar, təlimlərdə iştirak ediblər. Bu layihə Azərbaycan Ədliyyə Nazirliyində qeydiyyatda deyil. Hansı jurnalistlərin proqrama qatılması, nə tilimi alması barədə də bilgi yoxdur. İl ərzində nə qədər belə layihələr icra olunur, Azərbaycan adına nə qədər jurnalist, bloger, frilancer o “təlimlərə qatılır”, hansı yöndə təlimlər və ya nə qədər vəsaitlər alırlar? Geri qayıdandan sonra nə işlə məşğul olurlar, kimin üçün çalışırlar? Belə çıxır ki, Paris mərkəzli “yeni oyunçular” bu cür fürsətlərdən gen-boluna istifadə edirlər. Elə düşünürlər ki, “başlarını kol dibində gizlədib”, istənilən hərəkətləri icra edə bilərlər. Əslində Fransa və Polşanın indi tətbiq etdikləri metod yeni deyil. O, ABŞ Konqresinə, daha doğrusu, Demokratalara bağlı olmuş NED ( National Endowment for Democracy ) tərəfindən uzun illər ərzində istifadə edilmiş bir üsuldur.NED də müxtəlif ölkələrdə “demokratiyanın inkişafı, vətəndaş cəmiyyətinin, müstəqil medianın, insan hüquqları təşəbbüslərinin və siyasi institutların dəstəklənməsi” adı ilə layihələr icra edib. Reallıqda isə qrant adı ilə maliyyə verib şirnikləşdirdiyi “milli” QHT və KİV-ləri, siyasi partiyaları öz maraqlarına tabe edib, “5-ci kalon” qismində istifadə edib. Amma Azərbaycan bütün bu şəbəkləri ifaşa edərək iflasa uğrada bilib. Fransa sadəcə NED-in təcrübəsinə istinad edir, yoxsa Demokratlarla aralarında hansısa anlaşma, razılaşma mövcuddur? Bu kimi sualları aydınlaşıdrmağa ehtiyac var. İndilik aydın olan budur ki, Fransanın ideoloji yönləndirməsi ilə Azərbaycana qarşı yeni cəbhə açılıb. Bu cəbhədə Polşa kordinasiyaedici mərkəz, Skandinaviya ölkələri və Danimarkaya bağlı fondler isə donor qismində iştirak edirlər. Bu cəbhədə döyüşmək üçün strategiya hazırlanmalıdır.

Şərh verin